Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı dəyişiklik edilə bilər
Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib.
BEY.AZ xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, həssas təbəqədən olan şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddinin dəyişdirilməsi hələ müzakirə mövzusu deyil: “Gələcəkdə bu məsələyə qanunvericilik səviyyəsində baxıla bilər”.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23 yaşından sonra universitetə qəbul olur. Bəs onun onun təhsil haqqını kim ödəyəcək?
“Halbuki o dövlətin uşağıdır, deməli bundan sonra da təhsil haqqını dövlət ödəyəcək. Əslində belə uşaqların sayı elə də çox deyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması məsələsinə gəlincə, bu, müvafiq qurumlarla müzakirə olunur, danışıqlar gedir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.