Bura Stepanakert deyil, Xankəndidir – Rusiya kanalından maraqlı reportaj / VİDEO
“Rossiya 1” telekanalı Azərbaycanın Qarabağ bölgəsindən reportaj hazırlayıb.
Metbuat.az Ölkə.az-a istinadən xəbər verir ki, süjetdən öncə aparıcı Qranada görüşü barədə bəhs edib və Azərbaycan tərəfinin iştirakdan imtina etdiyini bildirib. Efirdə həmçinin qeyd edilib ki, iki ölkə arasında sənədin imzalanacağı düşünülürdü, amma “sensasiya baş vermədi”.
Daha sonra efirə gedən reportaj “hadisələr sürətlə cərəyan etdi. Artıq bura Stepanakert deyil, Xankəndidir” cümlələri ilə başlayıb.
Süjetdə Xankəndidəki son vəziyyətdən və Azərbaycan tərəfinin Qarabağda olmuş separatçılardan “silahı yerə qoyun” tələbindən bəhs edilib. Daha sonra qanunsuz ordunun təslim olmasından və onların silah-sursatından danışılıb. Reportajda Ermənistan tərəfinin açıqladığı rəqəmlərə istinad edilərək ermənilərin kütləvi köçündən söhbət açılıb.
Rusiyalı jurnalist bundan öncə azərbaycanlıların Qarabağadan köçməsi barədə məlumat verib və qeyd edib ki, insanlar əşyalarını götürməyə belə vaxt tapmayıb. Rəqəmə gəldikdə isə bunun milyon nəfərə bərabər olduğu bildirilib: “İndi onlar tədricən doğma yurdlarına qayıdırlar”.
Reportajda Qarabağa köçən ailədən müsahibə alınarkən keçmiş məcburi köçkün olmuş sakinin “Qarabağ Azərbaycandır!” deməsi, xüsusilə diqqətə çatdırılıb.
Süjetdə həmçinin rusiyalı sühməramlıların fəaliyyəti də önə çəkilib.