Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.
Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:
– Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissədə növbəti mərhələ üzrə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 4.5 km-lik hissəsində asfaltlanma işləri yerinə yetirilib.
– 2.5 km-lik Təklə-Abazallı hissəsində torpaq işləri yekunlaşıb, hazırda yol əsasının alt layının tikintisi aparılır.
– 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri və suötürücü boruların inşası yerinə yetirilib.
Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.