COP29-a görə metronun işində tənzimləmələr aparılır
COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, “Bakı metropoliteni” QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.
BEY.AZ xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.
Bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb. Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi “Ulduz” stansiyasının vestibülündə 2 əlavə “BakıKart” terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib.
Stansiyanın platforması, keçidlərində avtobus marşrutlarının istiqamətini rahatlıqla müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində digər əlavə tədbirlərin görülməsi diqqətdə saxlanılacaq.
Stansiya infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi, nəzarət mexanizmlərinin tətbiqi və digər məsələlərlə əlaqədar stansiyalarda texniki imkanlar qiymətləndirilməklə müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi metronun “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumiyyətlə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssislərinin cəlb edilməsi ilə metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək, sərnişin məmnunluğu və rahatlığı diqqətdə saxlanılacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |