COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başladı
Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən BEY.AZ-a verilən məlumata görə, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.
Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept – PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb. Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sistemlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.
Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçiriləcək. Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına həmçinin tədbir məkanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |