COP29 tədbir məkanında media-tur keçirildi
Bu gün COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Bakı Stadionuna media tur təşkil edilib.
BEY.AZ xəbər verir ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi media-turda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Media-turda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |