Çörəyin qiyməti bu tarixdən bahalaşacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünyadakı proseslər ən çox iqtisadiyyata ziyan vurur. Müharibənin təsirləri isə təkcə iki ölkəyə təsir etmir. Baş verən hadisələrin gətirdiyi fəsadlar bütün dünya ölkələrinə çatır, elə ölkəmizə də.
Metbuat.az-a danışan Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, buğda istehsalında əsas yer tutan Rusiyada ixrac azalarsa, dünya bazarında qiymətlərə çox ciddi təsir edəcək:
“Dünyada bu il proqnoz verilirdi ki, Rusiyanın hesabına buğda istehsalı dünya əhalisini kifayət qədər təmin edə biləcək. Dünya bazarında buğda 185 milyon tondur. Bazarda Rusiyanın payına düşən hissə 30% təşkil edir. Əgər Rusiyada nəsə baş verməsə, buğda ehtiyatı kifayət qədər olacaq.
Amma bu məsələ ilə bağlı proqnoz vermək çox tezdir. Çünki Rusiyanın bəzi bölgələrində sentyabrın sonuna qədər biçin gedir. Əldə etdiyimiz məlumatlar ziddiyətlidir. Hökumət nümayəndələri, kənd təsərrüfatı naziri deyir ki, istehsal azalıb. Əvvəlki həcmdə buğda ixrac edilməyəcək. Belə olan halda bu vəziyyət qiymətlərə ciddi təsir edəcək. Ukrayna da dünya bazarında buğda çıxarır. Amma bu il daha az istehsal edəcək. Ona görə də dünya bazarında qiymət arta bilər”.
Ekspert bildirir ki, qiymətərin yüksək olmasını şərtləndirən başqa amillər də var:
“Digər tərəfdən istehsalda istifadə edilən enerji daşıyıcılarının yüksək olması da buna təsir edir. Həmçinin istehsalda istifadə edilən mineral gübrələrin qiyməti demək olar ki, əvvəlki illərlə müqayisədə 2 dəfə çox olub. Bu da fermerlərin xərclərinin artması ilə nəticələnib. Ona görə də qiymətlər nisbətən yüksək olaraq qalacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son açıqlamasındakı ziddiyətli rəqəmlər dəqiq proqnoz verməyə əsas vermir. Növbəti aylarla bağlı verdiyi proqnozu gözləyək.
Son günlər ölkəmizdə əhali arasında un və çörəyin baha olması ilə bağlı məlumatlar müzakirə edilir. Vahid Məhərrəmovun sözlərinə görə, artıq regionlarda un bahalaşıb. Hətta Bakıda çörək sexləri un çatışmazlığından şikayətlənirlər:
“Azərbaycanda unun qiyməti artıb bahalaşıb. 50 kiloluq unun qiyməti 38 manatdan 43 manata qaldırılıb. Hətta bəzi yerlərdə Şəki-Zaqatala bölgəsində 45 manat olub. Bakıda isə çörək bişirən kiçik sexlər un çatışmazlığından şikayətlənirlər. Regionlarda artıq çörək istehsalı ilə bağlı məşğul olan sahibkarlar bu məsələ barədə öz müştərilənə xəbərdarlıq ediblər ki, sentyabrın 1-dən çörək bahalaşacaq. Qısası, artıq bahalaşma var. Ötən il bu vaxt 0.30 qəpiyə aldığımız çörək indi 0.50 qəpikdir. İndi isə həmin çörək 0.60 qəpik olacaq.
Yenə də qeyd edirəm ki, dünyada baş verən proseslərlə bağlı olaraq bu məsələdə qeyri-müəyyənlik var. İnanmıram ki, qiymət keçən ilki səviyyəyə düşsün. Çünki istehsal xərcləri də artıb. Dəqiq proqnoz sentyabrın əvvəlində veriləcək. Bu da FAO-nun açıqladığı son məlumatlardan sonra olacaq. Hazırda heç kimin əlində dəqiq məlumatlar yoxdur. Biz bunları sadəcə FAO və Beynəlxalq Taxıl İstehsalıları Assosiyasına əsasən deyirik”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.