Dərsliklərdən narazı valideynlər danışdı – Problemlər və onların həlli yolları nələrdir?
BEY.AZ informasiya agentliyi xəbər verir
Hər gün çantaları özündən böyük olan şagirdlərin ağır yerişlə məktəbə yollandıqlarını görürük. Maraqlıdır, görəsən, bu qədər ağır olan kitabların içindəki məlumatların “çəkisi” bəs nə qədərdir?
Metbuat.az bir neçə valideynin orta məktəb dərslikləri ilə bağlı narazılıqlarını dinləyib. Valideynlər deyirlər ki, bəzən kitabdakı suallar və tapşırıqlar o qədər çətin olur ki, nəinki özümüz, hətta müəllimlər belə həllini tapmaqda çətinlik çəkirlər.
Qayıbova Günay: Övladıma yardım edərkən bu kurikulum sistemi çox çətinlik yaradır. Deyirlər, sadə üsuldur, amma belə deyil. Məsələn, bir misal həll edəndə əvvəllər qısa üsulla həll olunurdusa, indi həll yolları çox uzadılıb. Mən övladımı daha qısa üsullarla başa salıram və o, dərk edə bilir. Ancaq uzun-uzadı həll yolları uşağı yorur. Bəzən elə olub ki, sualı anlamamışıq, repetitora müraciət etmişəm. Mən başa düşmüşəm, sonra uşağı başa salmışam.
Rəqsanə Hüseynova: Dərs vəsaitlərindəki tapşırıqlar uşaqların səviyyəsinə uyğun deyil. Tapşırıqlar çox çətin olur, hətta bir sual üçün müəllimə müraciət etmişəm, amma müəllim belə sualı düşünüb 24 saatdan sonra həllini tapıb və izah edib. Belə halda şagird nə edə bilər? Kitabdakı suallar düzgün formada qoyulmur.
Pitan Əsədullayeva: Çətindir. Dil qaydalarına aid tapşırıqlar çox az olur. Bu da uşaqların dərsi yaxşı qavramasına çətinlik yaradır. Bundan əlavə, uşaq nağıl oxuyarkən rus adları, rus ifadələri olur. Düzdür, bunlar rus nağıllarıdır. Amma bu adlar uşaqların dilinə yatmır. Bizim öz dilimizdə olan adlara yer verilməsinin tərəfdarıyam.
Rusana Qafarova: Riyaziyyat dərsində çətinliyim çox olur. Proqram həddin artıq çətindir.
Şəhla Məmmədova: Qızım birinci sinifdə oxuyur. Hələ ki, elə bir çətinliyim yoxdur.
Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov məsələ ilə bağlı bildirdi ki, valideynlər bu kimi narazılıqları öz aralarında edirlər. Bu da çox keyfiyyətli olmur. Valideynlər narazı olduqları məqamları bildirsələr, bu zaman nələrsə etmək olar:
– Dərslərin yazılması proseduru qanunvericiliyə uyğun şəkildə aparılır. Yəni kitablar nazirliyin müvafiq şöbəsi tərəfindən tenderə çıxarılır və müəyyən nəşriyyatlara verilir, nəşriyyatlar da kitabı müəlliflərə yazdırır. Sonra kitablar rəyçilər tərəfindən yoxlanılır, rəy verilir. Eyni zamanda, yeni hazırlanan kitablar trims.edu.az saytı vasitəsilə oxucuların rəyinə verilir. Yəni hər bir valideyn sayta daxil olaraq fikirlərini orada qeyd edə bilər. Amma bu sayt çox adama məlum deyil. İnsanlar tənqidlərini necə edəcəklərini, rəylərini necə bildiricəklərini bilmirlər. Şifahi deyirlər, öz aralarında danışırlar. Bu da nəyisə dəyişmir.
Mütəxəssis deyir ki, hazırda dərs vəsaitlərinin yenilənməsi və daha anlaşıqlı olması üçün tədbirlər görülür:
– Son dövrlərdə, ümumiyyətlə, Təhsil Nazirliyi, Təhsil İnsitutu Sinqapurun iki nəşriyyat evi ilə riyaziyyat və təbiət fənləri kitabları hazırlayır. Bu kitablar hazırda yeni yanaşma ilə yazılır. Kitabların pilot tətbiqi bu ildən artıq başlayıb. Dərsliklərin içindəki məlumatlar yeni formatdadır. Bu format beynəlxalq təhsil kurikulumlarının dərsliklərinə uyğundur və həmin dərsliklər də nazirliyin birbaşa xidmətə aldığı beynəlxalq müəllimlər tərəfindən hazırlanır. Bu müəllimlər neçə illərdir beynəlxalq kurikulumların dərslikləri ilə dərs keçir. Ona görə bu müəllimlərə müraciət edilib”.
Qoşqar Məhərrəmov
Dərsliklərin hazırki vəziyyətinə gəlincə, səbəb kurikulum sistemidir, yoxsa qeyri-peşəkarlıq?
– Bu vaxtadək dərsliklərdə problemlərin olması əslində nədən qaynaqlanır? Həmin dərsliklərin düzgün yoxlanılmamasından. Kitabı müəllif yaxşı yazmaya bilər, amma müəllifdən sonra rəyçi yoxlayır, rəyçidən keçməməlidir. Bu da o deməkdir ki, ya kitab yaxşı yazılmayıb, ya səhlənkar yanaşılıb, ya hansısa bir formada qeyri-peşəkarlıq var ki, ortada belə problemlər olub. Düşünürəm ki, kurikulumu günahlandırmaq olmaz. Burada dərslik müəllifləri, yoxlanılmasında problemlər var”.
Özünün yardım edə bilməyəcəyini düşünüb repetitora müraciət edən valideynlər də var. Bu, çıxış yoludur?
– Ümumiyyətlə, repetitor məsələsinə gəlincə, repetitor çıxış yolu deyil. Əgər repeptitor şagirdin problemini həll edirsə, deməli, şagird dərsi məktəbdə yaxşı mənimsəməyib. Bəzən isə repetitor səbəbi müəllimin düzgün öyrətməməyidir. Kitab bir öyrətmə vasitəsidir, müəllim sadəcə kitaba əsaslanmaq məcburiyyətində deyil.
Problem varsa, çıxış yolu da var. Müsahibim deyir ki, bu vəziyyətdən narahat olan müəllimlər, valideynlər, şagirdlər öz rəylərini genişləndirməlidirlər ki, nazirliyin müvafiq şöbəsi tərəfindən müəyyən işlər görülsün:
– Müəllimlər də, valideynlər də, şagirdlər də trims.edu.az sayında öz rəylərini yaza bilərlər. Bu rəylərin artırılması nazirliyin müvafiq şöbəsini də hərəkətə keçirəcək. Yəni müəyyən düzəlişlər ediləcək. Bəzən müəllimlər yaxşı gəlir əldə etmək üçün yaxşı öyrtəmirlər və yaxud onların bir qismi həqiqətən ixtisaslarını yaxşı bilmədiyi üçün öyrətməyi bacarmır. Şagirdlərin repeptitora ehtiyac duymağının müxtəlif səbəbləri var.
Kitab sadəcə bir mənbədir. Amma öyrənmədə nəzərdə tutulur ki, şagirdləri müxtəlif mənbələrə yönləndirək. Ona görə kitabların yaxşı olmaması müəllim üçün problem olmamaldır. Müəllim müxtəlif mənbələrlə uşaqları bəsləyə bilər.
Problemin həllinin hazırda başladılan işin daha da genişləndirilməsində görürəm. Yəni repetitor həll yolu deyil. Düşünürəm ki, kitablarda nöqsanlar varsa, xarici təcrübənin Azərbaycana gətirilməsi ilə bu problem həllini tapa biləcək”.
Gülər Seymurqızı / Metbuat.az
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mövzu: 6.3.16.
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.