Daha bir ölkədən İsrailə hücum edildi
“Həmas”ın silahlı qanadı “Əl-Qəssam Briqadası” İsraildə daha bir neçə məntəqəyə basqın edib.
Metbuat.az xəbər verir ki, İsrail tərəfi nəzarəti ələ ala bilməyib. Silahlılar isə İsrailə əlavə qüvvələr cəlb edib. Məlumata görə, kamuflyajlı olan döyüşçülər daim yer dəyişdirir. Silahlılar basqın etdikləri bir sıra məntəqələrdə nəzarəti əllərində saxlayır. Silahlıların yeni ələ keçirdikləri ərazilərin İordan çayının qərb sahilindən cəmi 10 kilometr məsafədə olduğu qeyd edilir. İsrail mənbələri əsirlərin sayının gözləniləndən çox ola biləcəyini bildirib. Hadisələrdə İsrail ordusu və polisindən çoxlu yüksək vəzifəli şəxslərin də öldürüldüyü açıqlanıb.
Qeyd edək ki, silahlılar İsrailin Ofakim, Sderot, Yad Mordechai, Kfar Aza, Be’eri, Yeted və Kissufim qəsəbələrindəki döyüşçülərini sursat və texnika ilə təmin etdiklərini, döyüş meydanındakı döyüşçülərin isə yeniləri ilə əvəz edildiyini bildirib. Həmçinin ötən gün Livanda İranın dəstəklədiyi “Hizbullah” qüvvələri də İsrailin Livan sərhədindəki bəzi hərbi məntəqələrinə raket zərbəsi endirib. İsrailin bu hücumlara cavab olaraq Livanın cənubundakı ərazilərinə artilleriya atəşi açdığı bildirilib.