Elan saytlarında, mağazalarda satılan hərbi geyimlər: Sadə vətəndaşların istifadəsi xüsusi icazə olmalıdır?
BEY.AZ informasiya agentliyi xəbər verir
Hərbi geyim formaları sadə geyim deyil. Onu hər kəs istədiyi formada istifadə edə bilməz. Təəssüf ki, hərbi geyim formasından xüsusi icazə olmadan öz məqsədləri üçün istifadə edən şəxslər var.
Hərbi geyim formasını əldə etmək isə olduqca asanlaşıb. Bunun üçün həm satış, həm də tikiş məntəqələri var. Bununla da bitmir. Bu geyimləri xüsusi elanlar paylaşıb satanlar da var.
Paytaxtın bir neçə yerində qiymətlərlə maraqlandıq. Satışda geyimlərin qiyməti 20,40 manatdan başlayır. Tikiş məntəqələrində isə qiymətlər daha bahadır. Ustalar deyir ki, parça və ölçüdən asılı olaraq qiymət dəyişir. Ən aşağı qiymət isə 100 manatdan başlanır.
“Geyimləri tikərkən alıcılardan hər hansı sənəd tələb edirsinizmi?” sualına isə “xeyr” cavabını aldıq.
Hərbi ekspert Şair Ramaldanov saytımıza bildirdi ki, hərbi geyim formaları ilə bağlı qanun pozuntuları çoxdur. Həmin şəxslərin məsuliyyətə cəlb olunması mütləqdir:
“Hərbi geyimlə bağlı çoxlu qanun pozuntuları var. Hərbi geyimi geyən şəxslər üçün xüsusi icazə olmalıdır. Hətta uzun müddət xidmət edən hərbçilər xidmətdən ayrıldıqdan sonra qanuna görə, həmin şəxsə hərbi geyimlə xidmətdən ayrılmağa icazə verilir. Əgər bu icazə yoxdursa, uzun müddət hərbi xidmətdə olan şəxs belə o geyimi geyinə bilməz.
Digər tərəfdən xüsusi geyim formalarıilə bağlı qanun çərçivəsində müəyyən tələblər var. Bunlar pozulduğu halda ancaq hərbi geyimi xidmətdə olan və yaxud hərbi geyim formasına icazəsi olan şəxslər geyinə bilərlər. Digər şəxslər mənsubiyyətdən asılı olmayaraq qanunu pozmuş olurlar, məsuliyyətə cəlb oluna bilərlər”.
Ekspert bildirir ki, Vətən müharibəsindən sonra hərbi geyimə maraq artıb, amma bundan sui-istifadə edənlər var:
“Hərbi geyimdə olan şəxsləri gördükdə artıq vizual olaraq cəmiyyət qarşısında bu, müsbət qarşılanır. Lakin bəziləri isə bundan sui-istiafdə edir. Bununla bağlı Müdafiə Nazirliyinin Hərbi polis bölmələri reydlər keçirir, həmin şəxslər saxlanılıb. Təəssüflər olsun ki, öz şəxsi məqsədləri üçün müəyyən addımlar atanlar da var. Ona görə bu sadə məsələ deyil. Bunun qarşısı alınmalıdır. Əgər hərbi geyim formasını geyməyə icazə yoxdursa, bu, qanun pozuntusudur. Qanun qarşısında cavab verməlidirlər”.
Şair Ramaldanov bildirir ki, satış məntəqələrində alıcılardan xüsusi sənəd alınmalıdır:
“Əvvəllər bunlar məhdud idi və satış üçün xüsusi icazə alınırdı. Əlbəttə ki, alıcı formanı alarkən müəyyən sənəd təqdim etməlidir. Hansı geyimin, hansı əşyanın alınması ilə bağlı mütləq qeydiyyat aparılmalıdır. Belə olduğu halda, düşünürəm ki, hərbi formanı hara gəldi geyinib onu sadə geyim forması kimi istifadə etməzlər. Dəfərlərlə bununla bağlı maarifləndirmə aparılır, məsələ qaldırılır. Burada vətəndaşlıq mövqeyi də öndə olmalıdır.
Digər qanunlarda olduğu kimi, vətəndaş qanun pozduqdan sonra necə məsuliyyətə cəlb edilirsə, bu məsələdə də belə olmalıdır. Öz məqsədləri üçün sui-istifadə hallarında geyimə diqqət göstərilmir. Yeni nəsil üçün düzgün örnək deyil. Bir daha vurğulamaq istəyirəm ki, hərbi geyim xüsusi formadır, bu geyimi ancaq xüsusi icazəsi olan şəxslər geyinə bilər”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.