fbpx

Əli İnsanov bu postu istəyir



Məhkəməyə üz tutan sabiq nazirin məhkumluğu hansı hallarda götürülə bilər?

Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna rəğmən bir neçə partiya seçkilərlə bağlı prosesə hazırlıq aparır. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub.

Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.

BEY.AZ musavat.com-a istinadən xəbər verir ki, növbəti parlament seçkilərində bir çox partiya liderlərinə seçilmə şansı yaradılacaq. İddia olunur ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə başda Müsavat Partiyası olmaqla, bir çox partiya sədrlərini parlamentdə görmək mümkün olacaq. “Əlbəttə, hazırda Milli Məclisdə olan partiya sədrlərindən biri istisna olmaqla, qalanlarına yenə əvvəlki kimi şərait yaradılacaq. Bununla yanaşı, Müsavat lideri kimi İsa Qəmbərdən tutmuş, Pənah Hüseynə qədər çoxuna mandat alma fürsəti veriləcək”, – deyə bu iddialarda bildirilir.

Konstitusiyada “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər”in seçkilərdə namizəd olmasına qoyulan qadağanın sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun parlament seçkilərində iştirakına əngəl ola biləcəyi bəllidir. Sabiq nazir yalnız o halda iştirak edə bilər ki, bəraət qazansın, məhkumluğu üzərindən tam olaraq götürülsün. Əks halda, hazırkı konstitusiyaya müvafiq olaraq onun parlament seçkilərində namizəd olmasına məhdudiyyət var. Bəllidir ki, sabiq nazir əfvlə azadlığa buraxılsa da, bu, onun bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Yəni hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğrudan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Amma məhkumluğun götürülməsi də həmin adamın bəraət alması demək deyil. Cinayət Məcəlləsinə əsasən, şəxslər cinayət törətdikdən sonra cinayətin kateqoriyalarına uyğun olaraq cəzanın çəkildiyi müddətdən başlayaraq müəyyən olunmuş müddətlərə qədər üzərində məhkumluq daşıyır. Yəni azadlıqdan məhrumetmə cəzası almayan şəxslər cəzanı çəkib qurtardıqdan sonra 1 il keçirsə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədən şəxslər cəzanı çəkib qurtardığı gündən 3 il keçirsə, ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 6 il keçirsə, xüsusilə ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 8 il keçirsə, bu zaman məhkumluq onların üzərindən götürülmüş sayılır.

Məlum olub ki, Əli İnsanov artıq məhkəməyə müraciət edib. APA xəbər verir ki, sabiq nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə verib.

Yaxın günlərdə onun müraciətinə baxılacaq.

Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxmağına az qalmış Əli İnsanova narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb. Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb. Əli İnsanovla bağlı hansı qərarın veriləcəyi maraq doğurur…






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin