Ən böyük arzum insanlara stimul verməkdir
“Çox sevinirəm ki, Paralimpiyadadan 1 qızıl, 1 gümüş medalla qayıtmışam, Tokio Paralimpiyadasının nəticəsini təkrarlamağı bacarmışam. Əlbəttə ki, hədəflərim böyükdür gələcək üçün. Ona görə çalışacağam. Sevinirəm ki, Azərbaycan xalqı mənə dəstək olur və mənə diqqət yetirirlər. Bu mənə daha da motivasiya verir ki, gələcəkdə daha da güclü nailiyyətlər əldə edə bilim”.
Bunu BEY.AZ-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda 1 qızıl və 1 gümüş medal qazanmış Lamiyə Vəliyeva deyib. O, ən böyük arzusunun insanlara öz uğurları ilə stimul vermək olduğunu deyib:
“Bir idmançı kimi ən böyük arzum inanılmaz nəticələr göstərmək, insanlara stimul verə bilməkdir ki, həyatda heç vaxt heç nəyə görə dayanmasınlar və daim irəli baxsınlar. Hamıya nümunəvi idmançı və insan olmağı istəyirəm”.
Qeyd edək ki, Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışdı dünya rekordu qıraraq qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb.
Cavidan Mirzəzadə / BEY.AZ
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |