“Ermənilər meşədə səsimizi eştiməsin deyə ana ağlayan uşağını boğdu”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xocalı faciəsindən 31 il ötür. İllər ötsə də, o dəhşətli gecədə yaşananlar unudulmur.
Ananın baladan, atanın ailədən ayrı düşdüyü, insanların diri-diri yandırıldığı o faciəli gecənin şahidlərin biri də Nəzakət xanımdır.
Uzun müddət idi ki, onunla Xocalıda baş verənləri danışmaq istəyirdim. Amma bu Nəzakət xanım üçün çətin idi. Olanları danışmaq onun üçün həmin gecəni təkrar yaşamaq idi. Bu dəfə çətin də olsa, o gecə baş verənləri danışa bildik.
Mirzəliyeva Nəzakət Famil qızı 1977-ci ildə iyulun 27-də Daşbulaq kəndində anadan olub. Metbuat.az-a danışan Nəzakət xanım deyir ki, o zaman insanların hər şeyi var idi. Əhali xoşbəxt idi. Ta ki müharibənin ilk qığılcımları yaranana qədər:
“80-ci illərin sonu idi. 4-cü sinifdə oxuyurdum. Biz son ildə məktəbə gedə bilmirdik. Atam və anam kolxozda işləyirdi. Onların rəhbəri isə erməni idi. Artıq işə gedənlərə ermənilər “Qarabağ bizimdir”, “Sizin burada son günlərinizdir” kimi sözlər deyirdilər. Əhali də fikir vermirdi. Deyirdilər ki, heç vaxt belə bir şey ola bilməz. Artıq günlər keçdikcə ermənilər maşına minib Xankəndiyə mitinqə gedirdilər. Mitinqin həcmi də gündən-günə böyüyürdü. Son günlər hətta məktəbə gedə bilmirdik. Bizim kənddə bir həyətdə iki məktəb binası var idi. Birində biz, digərində ermənilər təhsil alırdı. Hətta direktor – Vazgen də atama dedi ki, uşaqları göndərin, mən cavabdehəm. Mən də bacımla getdim. Gördük ki, məktəbdə heç kim yoxdur. Qayıtdıq. Səbəbini bilmirdik, amma biz tərəfdən artıq heç kim məktəbə getmirdi. Kəndimizdə iki bulaq var idi – Humayun və Kukunun bulağı. Humayun bizim kənddə bir qadının adı ilə bağlı idi, Kuku isə erməni kişinin adı ilə. Hələ də gözümün önündədir oralar. Biz bulaq başına gedirdik su doldurmağa. Ermənilər də gəlirdilər və biz dalaşırdıq. Biz güc gəlirdik həmişə. Bu səbəbdən post quruldu və rus əsgərlər orada bizə “nəzarət” etməyə başladı. Beləcə nifaqlar başladı”.
Nəzakət xanım deyir ki, iş o həddə çatıb ki, gecə saatlarında evlər nişan alınıb. Kənddə yaşamaq çətinləşib, bu səbəbdən əhali yığışıb Xocalıya köçüb:
“Bir gecə atam uğultu eşidib və baxıb görüb ki, evimiz nişan alınıb. Xoşbəxtlikdən atılan mərmi evimizin üstündən yan keçərək arxadakı açıq sahəyə düşmüşdü. Postlar qurulduqdan sonra gediş-gəliş çətinləşmişdi. Bu səbəbdən Ağdamdan bizə vertolyotla ərzaq gəlirdi. Bir dəfə vertolyotla ərzaq gələndə ermənilər pəpə yeyəndən kökə yeyənə, hərə bir əlində nizə, yaba ilə oraya gəldilər. Evlərdə insan qalmamışdı, ərzaqları götürdülər. Həmin an postlardan tank gəldi və aranı sakitləşdirdilər. İmkan vermirdilər rahat yaşayaq və biz Xocalıya köçməyə məcbur olduq. Daşbulaqla Xocalı arasında bir xeyli yol var idi. Lazımi əşyalarımızı götürüb Xocalıya köçdük”.
Bundan sonra Daşbulaq əhalisi Xocalıda məskunlaşıb. Artıq fevral ayına doğru atışmalar güclənib. İnsanlar isə hücumdan qorunmaq üçün tunellər qazıblar. Hər gecə tunelə daxil olublar. Yalnız atəş səsləri kəsildikdən sonra yenidən evlərinə qayıdıblar. Fevralın 25-dən 26-na keçən gecə isə fərqli olub. Gözlənilən susqunluq yaşanmayıb. Xocalı əhalisi üçün əsl faciəvi gecələrdən birinə çevrilib:
“Xocalıdan 25-dən 26-na keçən gecə də yenə atışma oldu. Biz yenə tunellərə getmək istədik, amma vəziyyət çətinləşmişdi. O gecə fərqli idi. Bizi 3 tərəfdən mühasirəyə almışdılar. Tək çıxış yolu çayın içindən keçmək idi. Artıq insanlar ayaqqabısız, geyimsiz, evindən bir əşya belə almadan çıxmağa başladılar”.
O faciəli gecəni yaşayan Nəzakət xanımın sözlərinə görə, əhali evdən çıxıb gedəndə artıq ermənilər evləri yandırmağa başlayıblar. Ağdam istiqamətində hərəkət etmək istəyən Xocalı əhalisi üçün tək yol çaydan keçmək olub:
“Daşbulaqdan bir yerdə çıxıb Xocalıya gəldiyimiz ailə – Hüseyn dayıgilin ailəsi bilmədik xəbərsiz idilər, ya necəsə evdən çıxa bilmədilər. Elə evlərində yandılar. Çaya girdik, şaxta, buz. Girdik meşəyə. Yolu azdıq, ata baladan, ana baladan ayrı düşdü. İnsanlar pərən-pərən oldu. Heç kim bilmədi nə etsin. Aramızda bələdçi də var idisə, o da həmin gecə özünü toparlaya bilmədi. Həmin gecə Xocalını yandırdılar. Abdalgülablı istiqamətində yeriyirdik. Tapdıq dayı və bir neçə nəfər bələdçilik edirdi. Birdən Tapdıq dayı dedi ki, “gəlin, gəlin, əsgərlərimiz bizi çağırır”. Sən demə, erməni əsgəri imiş “gəl, ay mənim azərbaycanlım. Gəlişinizə qurban olum” deyən. Beləliklə, onlar bizi tutdular və apardılar bir qapalı yerə. Kimin qızılı, pulu vardısa, məcburi şəkildə alırdılar. Bunlar soyğunçuluq əməliyyatını bitirdikdən sonra 24 gənc oğlanı apardılar. Orada dayımın qaynatası soruşanda ki, neynirsiz gəncləri, onu vurdular. Məlum oldu ki, gəncləri öldürməyiblər. Maşına yığıb harasa aparıblarmış. Səhəri günü bizi buraxdılar. Bilmirdik hara gedirdik, yolu azdıq. Bir nəfərin yolda gedərkən gecə meşədə ayaqqabısının bir hissəsi cırılıb yerdə qaldı. Bir xeyli getdikdən sonra gördük ki, yenə eyni yola gəlmişik.
Meşədə ac-susuz, soyuq havada gedirdik. Anamın dayısı qızı, onun oğlu və qonşusu bizdən aralı düşmüşdü. Onlar yaralı halda ermənilərin gəldiyini görəndə özlərini ölülüyə qoymuşdular. Qonşusunün üstündə pul olubmuş. O pulu çıxarıb yandırmışdı. Sən demə onları izləyən ermənilər bunu görüb həmin qadını güllələyib öldürmüşdülər. Sevil və oğlunu girov götürmüşdülər. Günlərlə girovluqda qalmışdılar.
Bizim kəndçimiz Salman dayının gənc gəlini də bizimlə idi. Hamilə idi, taqətdən düşmüşdü. Nə qədər desək də, yatma, o, yatdı və bir daha oyanmadı. Cəsədi meşədə gizlətdilər. Sonra bilmədim onun cəsədini oradan götürdülər, ya yox. Xocalıdan bir ailə var idi. Atanı balaların gözünün qabağında yandırmışdılar. Ona demişdilər ki, de “Qarabağ ermənilərindir”. O söyləmədiyi üçün ermənilər onu 2 dəfə yandırıb söndürüblər, 3-cü dəfədə yandırmışdılar. Anamın əmisi qızı var idi – Zöhrə Abdullayeva. O da arxa cəbxədə könüllü idi. Zöhrəni də öldürdülər. Qardaşı xəstə idi, kənddən çıxa bilməmişdi, onu da öldürmüşdülər”.
Meşədə vəfat edən hamilə gəlin
Salman bəy və yoldaşı Bəsdi xanım – Hazırda onların Goranboyda yaşadığını deyən Nəzakət xanım qeyd etdi ki, onların ayaqları Xocalı gecəsində don vurub.
“Kəndçimiz var idi. Neft Akademisyasında oxuyurdu, tələbə idi Natiq. Soyadını xatırlamıram. Könüllü olaraq cəbhəyə getmişdi. Bir dəfə yaralı olduğunu bildik, sonra da nə ölüsü, nə də dirisindən xəbər aldıq”.
Ermənilərin qorxusuna çevrilən Eldar Əliyev çox təəssüf ki, vəhşicəsinə qətlə yetirilib:
“Bir hissəmiz də Şelli dağından gəlirdi. Onları hamısını güllələdilər. Bibim oğlu Eldar var idi. Onu elə bir günə qoymuşdular ki… Ağzındakı qızıl dişlərini çıxarıb, əllərini bağlayaraq tankla sürümüşdülər. Çünki o, ermənilərə qarşı qəhrəmanlıqlar göstərmişdi. Ermənilər də üstünə pul qoymuşdular ki, əllərinə keçsə, öldürəcəklər. Ona görə meyiti pis gündə idi. Günlərdən sonra tapıldı”.
“Sonra bizi apardılar Ağdam xəstəxanasına. Xocalıdan çıxan zaman ayağıma qəlpə girmişdi. Anamın isə ayaqlarını şaxta vurdu, indi şikəst kimidir. Atam, bacım, anamla mən ayrı düşmüşdük. Sonra tapdıq bir-birimizi. Hərəmiz bir yana getdik. Xocalı gecəsi unutmadığım bir hadisə də var. Gecə meşədə gedən zaman bir körpə ağlamağa başladı. Arxada da nə qədər insan. Uşaq ağlayanda ana boğazından tutub boğdu. Uşağın nəfəsi getdi. Elə bildilər uşaq öldü, uşağı götürdük. Bir az getdikdən sonra qaynanası uşağa baxdı və gördü ki, nəfəs alır. Elə bil dünyanı yenidən bağışladılar bizə. Orada nələr yaşadıq bir Allah bilir. Mümkün deyildi, etməliydi. O uşağın səsini həmin an kəsmək lazım idi. Belə bir dəhşətli gecə…”
Nəzakət xanım deyir ki, ən böyük arzularından biri də yenidən Daşbulağa qayıtmaqdır:
“İstəyərəm yenidən qayıdım o yerlərə. Yurdum, evimdir. Xocalının yandırılmağına baxmayaraq, Daşbulağa tam ziyan dəyməmişdi. Oraya yenidən qayıtsam, elə bilərəm dünyaya yenicə gəlmişəm. Oralar bizim üçün tam başqadır”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənilər #meşədə #səsimizi #eştiməsin #deyə #ana #ağlayan #uşağını #boğdu