Ermənistan təxribatı: Şuşada hərbçilərimiz minaya düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.
Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.
Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.
18:40
Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb.
Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.
Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #təxribatı #Şuşada #hərbçilərimiz #minaya #düşdü