Fevral ayında hava necə olacaq?
BEY.AZ informasiya agentliyi xəbər verir
“2022-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir”.
Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
“Ən müasir metodlar, süni intellekt və kompüter texnologiyaları dünyanın inkişaf etmiş iqlim mərkəzlərində kifayət qədər dəqiq uzunmüddətli proqnozların hazırlanmasına nail ola bilmirlər. Aylıq proqnozlarda yalnız temperatur rejiminin və yağıntının normadan nə dərəcədə fərqlənməsi göstərilir.
Baxmayaraq ki, uzunmüddətli proqnozların doğrultması istənilən səviyyədə deyil, lakin çoxillik məlumatların təhlili ümumi tendensiyanın araşdırılmasında yardım edir.
Son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də 25 dərəcə isti qeydə alınıb. Lakin növbəti gün hava kəskin dəyişib, havanın temperaturu müsbət 9 dərəcəyə yaxınlaşıb, güclü külək bizi qışa qaytarıb.
Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava 2012-ci ildə, daha dəqiq fevralın 8-i qeydə alınıb və Bakı şəhəri üçün görünməmiş 11 dərəcə şaxta ilə yadda qalıb. 2017-ci ilin fevralın 2-də paytaxt 29 sm-lik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadrat metrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada 2 aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib.
2022-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə, əsasən də şərq rayonlarında normadan bir qədər çox olacağı ehtimal olunur.
Son illərin hava icmalları hava-iqlim anomaliyaları ilə, demək olar ki, boldur. Buna görə də, hava sürprizlərinə hazırlıqlı olmaq üçün qısamüddətli hava proqnozları köməklik edir. Belə ki, fevral ayının ilk günləri hava birqədər küləkli olsa da, nisbətən sabit və əsasən yağmursuz keçəcək. Birinci ongünlüyün ikinci yarısında isə hava dəyişəcək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.