Hərbi qulluqçumuz həlak oldu
Hərbi qulluqçu Cəfərli Tarıverdi Zaur oğlu açılan atəş nəticəsində həlak olub.
BEY.AZ-ın sorğusuna cavab olaraq Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı təsdiqləyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |