Həbs edilən kriminal avtoritetə polis rəisi dəstək olubmuş
Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxladığına görə tutulan və şəhərdə “Demanlı Gündüz” adı ilə tanınan kriminal avtoritet Gündüz Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Gündüz Novruzov Şirvan şəhərindəki “vəziyyət”ə qardaşı Çingiz Novruzovla birgə baxıb. Belə ki, qəsdən adamöldürmə (İran vətəndaşı olan TIR sürücüsünün qətli), narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah gəzdirmə və sair cinayətlərdə təqsirləndirilərək məhkum edilmiş Gündüz Novruzov həbsdə olduğu müddət şəhərdə kriminal dairələrə və digər qeyri-qanuni işlərə onun qardaşı Çingiz nəzarət edib. Bir müddət əvvəl isə Çingiz qanunsuz silahdaşımaya görə həbs edilib və Gündüz azadlığa çıxaraq “nəzarət”i öz üzərinə götürüb.
Bildirilir ki, təxminən 10 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Azər Məmmədov həbs edilərkən onun Novruzov qardaşları ilə əlaqəsi üzə çıxıb. Belə ki, həmin vaxt polis zabiti öz səlahiyyətlərindən sui-istifadə edərək Gündüz və Çingiz Novruzovlara Şirvan şəhərindəki qeyri-qanuni fəaliyyətlərində dəstək verib. Həmin vaxt işdən çıxarılaraq polis sistemindən kənarlaşdırılan bölmə rəisi məhkəmənin hökmü ilə məhkum edilib.
Qeyd edək ki, ötən gün Gündüz Novruzovun “Porsche Cayenne” markalı avtomobilindən avtomat və patronlar aşkar edilib.