Hamilə qadınların DİQQƏTİNƏ! Doğum evlərində bu xidmətlər PULSUZ həyata keçirilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Hazırda vətəndaşları, ən çox da ana olmağa hazırlaşan qadınları maraqlandıran məsələlərdən biri də hamilə qadınların doğuş zamanı icbari tibbi sığortanın xidmətlərindən pulsuz istifadə edə bilmək haqqının olub-olmamasıdır.
Bu suallara cavab tapmaq üçün Metbuat.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib. Sorğu əsasında hazırlanmış geniş müsahibəni təqdim edirik:
1 – İcbari tibbi sığorta çərçivəsində ana olmağa hazırlaşan qadınlara hansı tibbi xidmətlər göstərilir? Bunun üçün xidmətlərə limit tətbiq edilibmi?
İcbari tibbi sığorta ilə hamilə qadınlara doğuşaqədər tibbi xidmət və nəzarət, həmçinin patronaj ilkin səhiyyə xidməti çərçivəsində ginekoloqlar tərəfindən həyata keçirilir.
Hamilə qadınlar həmçinin xəstəxanada ambulator xidmət üçün birbaşa ginekoloqlara müraciət edə bilərlər.
Doğuş, zahılıq dövründə müayinə və müalicə, eləcə də tibbi göstəriş olduğu halda qeysəriyyə kəsiyi əməliyyatı da icbari tibbi sığorta təminatına daxildir.
Hamilə qadınlara aşağıdakı xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır:
Əməliyyat önü müayinə və həkim konsultasiyası;
Anesteziya stasionar tibbi xidmət;
Reanimasiya və xəstəxanada yatış;
Xəstəxanada yatış zamanı və ya əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf;
Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, həkim təqibi;
Yemək və digər xərclər.
Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər siyahısında koxlear implantasiya, endoprotezləşdirmə və fizioterapiya xidməti istisna olmaqla digər tibbi xidmətlərə limit tətbiq olunmur.
2- Əgər hamilə qadının hər hansı xəstəliyi mövcuddursa, bu halda sığorta əlavə xərcləri qarşılayırmı?
Hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfi ilə təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz yararlana bilər. Əks halda tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilməlidir.
3- Paytaxtda konkret olaraq hansı doğum evlərində icbari tibbi sığorta imkanlarından yararlanmaq olar?
İcbari tibbi sığorta 2021-ci ilin aprelindən bütün ölkə ərazisində tətbiq olunur. Vətəndaşlar yaşayış yerindən asılı olmayaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeleyindəki tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən yararlana bilərlər.
Hamilə qadınların tez-tez müraciət etdiyi qeysəriyyə üsulu ilə övlad dünyaya gətirmək bildiyimiz kimi kifayət qədər bahalı bir əməliyyat sayılır. Son vaxtlar bu əməliyyatların pulsuz həyata keçirilməsi ilə bağlı doğum evlərində çalışan həkimlərin elanlarını görürük. Tək şəxsiyyət vəsiqəsi ilə bir qəpik belə ödəmədən bu əməliyyatların həyata keçirilməsi doğrudurmu?
Qeysəriyyə əməliyyatı tibbi göstəriş əsasında Xidmətlər Zərfi ilə təminata alınır.
4- Dopler müayinəsi Xidmətlər Zərfinə daxildirmi? Deyilsə nəzərdə tutulurmu?
Hamilə qadınlar üçün ultrasəs və doppler müayinəsi (20 həftədən sonra) tibbi göstəriş əsasında Xidmətlər Zərfinə daxildir.
Təbii ki, birbaşa həkimin qəbuluna gedib “Mənim övladımı pulsuz dünyaya gətirin” demək doğru olmur. Bunun üçün hansı qaydalara riayət etmək lazımdır. Bildiyimiz qədər sahə həkimlərin göstərişinə ehtiyac olur. Bu barədə zəhmət olmasa qeyd edərdiniz.
5 – Respublikanın digər bölgələrində yaşayan hamilə qadınlar paytaxtda fəaliyyət göstərən doğum evlərində icbari xidmətdən yararlanaraq müayinə və doğum edə bilərlərmi?
Vətəndaşlar yaşadığı regiondan və ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisisələrinə ixtisaslaşdırılmış ambulator yardım (müalicə) üçün göndəriş vərəqəsiz müraciət edə bilərlər. Dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. Bu səbəbdən doğuş və ya qeysəriyyə əməliyyatı yalnız göndəriş vərəqəsi ilə mümkündür.
6- İşləyən əhali kütləsinin əmək haqqından müəyyən qədər tibbi sığorta üçün tutulmalar olur. Bəs işləməyən kütlə xüsusən də qadınlar bu halda belə sığortadan yararlana bilərlərmi?
2024-cü ilədək heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərin icbari tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir. Onlar Xidmətlər Zərfindən dövlət büdcəsinin vəsaiti hesabına xidmət ala bilərlər.
7- Süni mayalanmanın Xidmətlər Zərfinə əlavə edilməsi planda varmı?
Hazırda süni mayalanma Xidmətlər Zərfi ilə təminata alınmayıb. Gələcəkdə tibbi xidmət Xidmətlər Zərfinə əlavə olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
8- Əgər hansısa vətəndaş tibbi sığortanın tətbiq edildiyi tibb müəssisəsində “şirinlik” adı və ya doğum xərci barədə sözlər eşidərsə şikayətini necə bildirə bilər?
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaşdan qeyri-rəsmi ödəniş tələb olunarsa bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-müraciət linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.
“Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.
Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhsuliyyətə cəlb olunur.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.