fbpx

İbtidai təhsildə tədris və dərsliklər niyə etiraz doğurur?



Azərbaycanda ibtidai siniflər üçün nəzərdə tutulan dərsliklərin məzmunu və tədris proqramının çətinliyi zaman-zaman müzakirə obyektinə çevrilir. Dərsliklərdə yer alan misalları, sualları və çətin terminləri anlamaq nəinki şagird üçün, hətta valideyn üçün də çətin olur. Bəzən müəllimlərin özlərinin də bu misalları həll etmək üçün həmkarlarından kömək aldığının şahidi olmuşuq.

Bütün bunları nəzərə alsaq, ibtidai siniflərə aid dərsliklərin və proqramın yenidən nəzərdən keçirilməsinə ehtiyac varmı? Yoxsa, çətinlik dərəcəsi yüksək olan bu məzmun modern təhsilin tələbidir və şagirdlərin zehni inkişafına yardım edir?

BEY.AZ mövzu ilə bağlı mütəxəssislərin rəyini alıb. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, mütəxəssislərin fikri nəzərə alınaraq dərsliklərdə müəyyən dəyişikliklər edilməlidir:

“İbtidai siniflərdə keçirilən proqramın çətin olması ilə bağlı fikirlər müxtəlifdir. Təhsilin ayrı-ayrı pillələrində tədris proqramı hazırlanarkən, burada mütəxəssislərin yanaşması əsas götürülür. Sual yarana bilər ki, bu mütəxəssislərimiz yerindədirmi? Bu, müzakirə edilə bilər.

Mən də dərsliklərdəki məzmunun ideal olduğunu düşünmürəm. Zaman-zaman təkmilləşmə olmalıdır, amma birdən-birə nəyisə sırf dəyişmək naminə dəyişək, yox. Elmi yanaşma olmalıdır, dəyişikliklər tədqiqatlara əsaslanmalıdır. Belə olacaqsa, uğur da olacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycanda birdən-birə başqa təhsil modelinə keçilməsi problemlərə səbəb ola bilər:

“Elə ölkələr var ki, təhsilin səviyyəsi yüksəkdir, amma məzmun bizdəki kimi çətin deyil. Elə ölkələr var orada şagirdlər tədris prosesi ilə yalnız məktəbdə məşğul olurlar, ev tapşırıqları olmur. Yəni, yanaşmalar fərqlidir. Biz Azərbaycanda hansısa ölkədə olan təhsil modelinə keçsək, bu, çox çətinliklər yaradacaq. Çünki müəyyən baza olmalıdır, infrastruktur olmalıdır, mühit olmalıdır.

Mən düşünürəm ki, bu müzakirələrin aparılması normaldır. Bəzən olur ki, hər hansı fikir bildiriləndə, bəzi səlahiyyətli insanlar da qısqanclıqla yanaşırlar. Hətta mütəxəssislər fikir bildirəndə də. Məmurun mütəxəssisə qısqanclığı yaxşı hal deyil. Bu gün sən məmursan, amma sabah yoxsan. O sahəyə aid qərar qəbul edərkən, mütləq şəkildə mütəxəssislərin fikrini öyrənməlisən. Səni ora ona görə qoymayıblar ki, öz başından abstrakt qərarlar qəbul edəsən”.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, ibtidai təhsil pilləsi təkcə bizim ölkədə deyil, ümumiyyətlə dünyada təhsilin ən strateji təhsil pilləsi olaraq qəbul edilir:

“Bu pillədə şagirdlərin bilik və bacarıqlarının formalaşması qarşıya qoyulan əsas prioritetdir. Bizdə ibtidai siniflərə keçirilən dərslər, həmçinin tədris proqramları və dərsliklərdə müəyyən dəyişikliklər olsa, daha məqsədəuyğun olar. Məsələn, biz daha çox ev tapşırıqlarının evdə icrasına köklənirik, fikrimcə, buna bir o qədər də ehtiyac yoxdur. Yaxud, şagirdi müəyyən şeirləri, hekayələri əzbərləməyə sövq edirik. Bu tapşırıqlar olmasa, daha yaxşı olar. Çünki o yaşda biz şagirdləri öyrətməyə və öyrəndiyini tətbiq etməyə məcbur etməliyik. Şagirdi konkret olaraq əzbərçilik istiqamətində yönəltmək doğru deyil”.

Ekspert dərsliklərdə də müəyyən dəyişikliklərin edilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Dərs vəsaitlərinə gəldikdə, buradakı informasiyalar dəqiq və qısa olmalıdır. Bəzən görürük elə sözlər, elə cümlələr seçilir ki, şagirdlər onu oxumaqda, mənasını anlamaqda çətinlik çəkirlər. Bu amillər nəzərə alınmalıdır. Dərsliklərdə müasir dövrün tələblərinə uyğun dəyişikliklərin olması vacibdir. Nazirlər Kabinetinin qərarında da qeyd olunur ki, dərsliklər şagirdlərin yaş psixologiyasına uyğun tərtib edilməlidir”.

Cavidan Mirzəzadə / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin