İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub
4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirilib.
BEY.AZ xəbər verir ki, açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.
“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz çıxışında qeyd deyib: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi və yaşadılması önəmlidir.”
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxış edərkən deyib: “Bu gün Azərbaycan xalçaçıları üçün əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə 5 may – “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməyə başlanıb və eyni zamanda 5 may “Azərxalça” ASC təsis edildiyi gündür. Xalçaçı gününün rəsmi səviyyədə qeyd olunması, Milli Xalça Festivalının təşkili xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsində vacib rol oynayır.”
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxışında bildirib: “Azərbaycan xalçaçılıq sənətini beynəlxalq səviyyədə təşviq etmək məqsədilə AZPROMO mütəmadi olaraq sərgilər keçirir və bugünki Milli Xalça Festivalı da həmin işə töhfədir. Azərbaycanın mədəni-irsinin xalçalar vasitəsilə dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin qonaqlarına xalça istehsalatımızı göstərmək vacibdir.”
Tədbirdə iştirak edən Milli Məclisin üzvləri, rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı festivalının digər ziyarətçiləri açılış mərasimindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla, digər sərgi məkanları ilə tanış olublar.
İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilməkdədir. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Festivalın ilk günündə İçərişəhərin sakinləri və qonaqları üçün açıq səma altında film nümayişi təşkil olunub.
Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.