İlham Əliyevin yaratdığı siyasi mədəniyyət milli birliyimizi daha da gücləndirdi
BEY MEDIA İnformasiya agenti xəbər verir
Bu gün inkişaf etmiş cəmiyyətlərdə mədəniyyətin əsas ölçülərindən biri də siyasi mədəniyyət sayılır. Məhz bu amal uğrunda cəmiyyətdə fərdlər təşkilatlanır, müzakirələr zamanı qarşılıqlı olaraq təmkinlə bir-birini dinləyir, bu kimi diskussiyalarda öz mövqelərini ortaya qoymaqla mədəni cəmiyyətin üzvü olduğunu sübut edirlər.
Bu mövzu barədə Metbuat.az–a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi ki, siyasi mədəniyyət vətəndaş cəmiyyəti və institutunu özündə birləşdirən dövlətin üst qurumları arasındakı münasibətlər və bu münasibətlərin siyasi və əxlaq kodeksinə əsaslanmasını təşkil edir.
“Siyasi mədəniyyət siyasi sistemi üzvləri arasındakı qarşılıqlı münasibətləri ehtiva edir. Siyasi sistem üzvləri arasındakı qarşılıqlı münasibətlər dedikdə siyasi partiyalar, hərəkatlar, təşkilatlar, siyasi qurumlar və bütövlükdə siyasi fəaliyyətə yönəlik strukturların hamısının fəaliyyəti məhz bu norma çərçivəsində izah edilir. Ümumiyyətlə, siyasi mədəniyyət siyasi əxlaqa, normalara, ənənələrə söykənən bir mədəniyyət sistemidir və qarşılıqlı siyasi harmoniyanı təşkil edir”.
Bəs siyasi harmoniya şəraiti hansı vəziyyətlər üçün özünü bariz ifadə edir? Müsahibimiz bildirdi ki, siyasi harmoniya ilk növbədə, demokratiyanın göstəricisi olaraq meydana çıxmalıdır.
“Yəni elə bir sistem qurulur ki, burada siyasi plüralizm çərçivəsində müxalif fikrin eşidilməsindən, təkliflərin qəbul edilməsindən başlayaraq bütövlükdə hər vətəndaşın öz vəzifələrindən və konstitutsion hüquqlarından tam şəkildə istifadə etməsinə şərait yaradılır. Vacib ünsürlərindən biri demokratiyanın əsasında duran seçkilərin keçirilməsidir. Cəmiyyətin siyasi təcrübəsi, şəxsiyyətin siyasi sosiallaşması, siyasi maraqlar, biliklər və inanclar, normalar, instinktlər, adət və ənənələr, siyasi institutların qurulması bütövlükdə bu siyasi mədəniyyətin ilkin əlamətlərini məhz bu formada ortaya qoyaraq siyasi mədəniyyəti yaradır”.
Cəmiyyətdə bütün hadisələrə təsir mexanizmi olduğu kimi siyasi mədəniyyət anlayışına da bilavasitə təsir edən proseslər mövcuddur. Əziz Əlibəyli həmin prosesləri sadalayaraq qeyd etdi ki, siyasi mədəniyyətə siyasi sistem üzvlərinin arasında olan münasibətlər bilavasitə təsir göstərərək siyasi sistemin önəmli komponentlərindən biri olmaqla ölkənin siyasi inkişafını təmin edən fundamental faktor qismində çıxış edir .
“İdarəetmədə yer alan, iqtidarı təşkil edən siyasi qurumlar, birinci növbədə demokratik idarəçilik əsasında fəaliyyət göstərməlidir. Burada ikinci şərt idarətmənin plüralizmə əsaslanmasıdır. Daha sonra hakimiyyətin şəffaf şəkildə fəaliyyət göstərməsi, antikorrupsiya tədbirləri həyata keçirməsi və ən nəhayət gəlirlərin ədalətli bölgüsü anlayışları yer alır. Qurulan hər bir cəmiyyət anlayışı ədalətli şəkildə idarə edilib, seçkilər prosesi isə nəzərdə tutulduğu qaydalara uyğun həyata keçirilməlidir. Əgər bu siyasi mədəniyyəti təşkil edən ünsürlərdən hər hansı biri öz yerində olmazsa, bu ümumi fəaliyyəti avtomatik şəkildə yanlış istiqamətə yönəldərək siyasi sistemə də ciddi zərər vurur”.
– Azərbaycan xalqı sosial və siyasi fəallığa can atırmı? Dövlətin keçdiyi inkişaf yoluna baxdığımız zaman cəmiyyətdə bu sahədə siyasi fəallıqda nəzərəçarpacaq qədər dəyişiklik varmı?
“Bilirsiniz, bizim dövlətin quruluş forması müxtəlif zamanlarda fərqli olduğu üçün tarix ərzində müstəqil şəkildə öz yolunu müəyyən edə bilməyib. Biz buna misal olaraq tarix ərzində Çar Rusiyasının, daha sonra SSRİ-nin işğalını, ondan sonrakı dönəmlərdə 90-cı illərdə hakimiyyət uğrunda müəyyən çəkişmələri misal göstərə bilərik. Nəticədə, Azərbaycanın torpaqları işğala, təcavüzə məruz qalmışdır. Bütün bunların hamısı Azərbaycan xalqının həmin dönəm üçün siyasi fəallığına, sosial durumuna ciddi şəkildə təsir göstərib yönləndirirdi. SSRİ dağılmamışdan öncə 1988-ci ildə ermənilərin Topxana meşəsində həyata keçirdiyi vandalizm aktına görə başlayan xalq hərəkatı mitinqi hələ o dövrdə sosial və siyasi fəallığın ən önəmli hissəsini təşkil edirdi. Dünya üzrə Azərbaycan həmin vaxtlar bu siyasi fəallığına görə seçilən ölkələrdən biri olub. Məhz bu fəallığa görə 1988-ci ildə “Time” jurnalı Azərbaycan xalqını “ilin xalqı” elan eləmişdi”.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ondan sonra prezident seçilən İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda siyasi proseslər sabitləşərək münasibətlərin seçki yolu ilə ayırd edilməsi dönəminə qədəm qoyuldu.
“Dövlət qurumları, strukturları yenidən təsis edildi, yeni bir dövlət quruldu və bunun nəticəsində cəmiyyətdə olan sosial zəlzələlər arxada qaldı. Cəmiyyətimiz vətəndaş üzərindən icra edilən hüquq və azadlıqların beynəlxalq konvensiyalara uyğun şəkildə həyata keçirilməsi prosesinə qədəm qoydu. Bu dövrü bir neçə mərhələyə bölmək olar. 2020-ci ilin birinci ilk üç ayına qədər bu proseslərdə müəyyən dinamika hiss olunurdu. Amma pandemiya dövrünün gətirdiyi qaçılmaz reallıqlar prosesləri bir qədər yubatdı. Artıq biz siyasi fəallıqla bağlı indikatorları qiymətləndirərkən postpandemiya dönəminə baxıb onun spesifikasına uyğun siyasi fəallıq anlayışı da inkişaf etdirməliyik”.
– Azərbaycanın siyasi mədəniyyət modeli dünyada öz yerini necə tapıb?
“Dövlətçilik tariximizin 30 il ərzində yaşının olmasını nəzərə alsaq, bu məsələ barədə fikir söyləmək düşünürəm ki, indiki dönəm üçün hələ ki, tezdir. Amma bu illər ərzində ümumi seçki sisteminin fəaliyyət göstərməsi, digər seçkili qurumların orqanlarının fəaliyyətə başlaması, Azərbaycanda xüsusilə də, 2019-cu ildən etibarən siyasi islahatların həyata keçirilməsi fonunda siyasi partiyaların qeydiyyata alınması, iqtidar və müxalif siyasi partiya arasında dialoq mühitinin inşa edilməsi, bütövlükdə parlamentdə müxalif partiyaların təmsil olunması, onların mətbu orqanları fəaliyyətə başlaması kimi maraqlı nümunələr var.
Düşünürəm ki, bu modelin əslində daha çox inkişaf etdirilməsinə ehtiyac var. Bu bir az həm zamana bağlı məsələdir, həm də indi müsbət artımlarla müşayiət edilir. Prezident İlham Əliyevin məhz 2019-cu ildən etibarən qurduğu yeni islahatlar “Smart dövlət” modelinin ən mühüm hissəsini məhz siyasi mədəniyyət və bu istiqamətdə atılan addımlar təşkil edir. Şübhəsiz ki, bunun da kifayət qədər müsbət yönləri və dəstəklənən tərəfləri də var”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mövzu: 6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.