fbpx

​“İlk qonorar sevincini müəllimim Rəşad Məcid yaşadıb”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Düşünürəm ki, jurnalist adını daşıyan hər bir kəs öz peşəsinin məsuliyyətini dərk etməli, dəqiq, qərəzsiz, obyektivlik kimi dəyərləri fəaliyyətində əsas götürməlidir”.

Bu fikirlər gənc jurnalist, Azərbaycanda “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin eksperti Kənan Novruzova aiddir. Bu sahədə qazandığı uğurları illərin zəhmətinin bəhrəsi olduğunu bildirən müsahibimiz deyir ki, fərdi xüsusiyyətləri də bu peşədə olmaq üçün uyğundur.

Metbuat.az Kənan Novruzovla olan müsahibəni təqdim edir:

– Kənan bəy, bu yaxınlarda ali təhsilin magistr pilləsini uğurla bitirib, məzun oldunuz. Yaşıdlarınızdan fərqli olaraq həm çalışıb, həm oxuyursunuz. Jurnalistikaya sevginizin bir mənbəyi varmı?


Kənan Novruzov və babası Oqtay Bayramov

“Mənim jurnalistikanı seçməyimə səbəb babalarım olub. Bu sahədə ilk müəllimim əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Həsən bəy Zərdabi mükafatı laureatı, “Xalq qəzeti”nin əməkdaşı Oqtay Bayramov idi. Digər babam Ramiz Novruzov isə filololoq və respublikanın əməkdar müəllimdir. Təbii ki, onlar arasında böyüdüyüm müddətdə məndə yazıya, kitaba qarşı sevgi formalaşırdı. Artıq 10-cu sinifdə oxuyanda bilirdim ki, jurnalist olacağam. Müşahidə qabiliyyətim, ünsiyyətcil olmağım, insanlarla danışmağı sevməyim və s. kimi keyfiyyətlərimin olması bu sahədə özümü görməyimə səbəb idi. Məni tanıyanlar da, yəqin, bu fikri təsdiq edərlər. Hələ onuncu sinifdə oxuyanda, ali məktəbə qəbul olmazdan iki il öncə Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya Dünyası” qəzetində təcrübə keçməyə başladım. Sonra BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Qəbul olduğum ilk vaxtlardan etibarən müəllimlərimin diqqətini çəkdiyimi desəm, yəqin, yanılmaram. Bunun da əsas səbəbi təcrübəmin olması və istehsalatdan fakültəyə gəlməyim idi. Təhsil aldığım illərdə mənə etimad göstərdikləri üçün dekanım Vüqar Zifəroğluna, professorlar Cahangir Məmmədliyə, Qulu Məhərrəmliyə, Nəsiman Yaqubluya, Akif Rüstəmova, dosentlər Könül Niftəliyeva, Sevinc Əliyeva və digər müəllimlərimə minnətdaram”.

– Hər gəncin həyatında universitet illəri xüsusi önəm kəsb edir. Siz bu illəri necə dəyərləndirdiniz?

“BDU-da oxuduğum illər mənim üçün hər sahədə uğurlu oldu. İkinci kursda oxuyanda mənə “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlıdan təklif gəldi. “Şərq” qəzetindən öncə digər mətbu orqanlarda, o cümlədən “525”ci qəzetlə əməkdaşlıq etmişdim. Mənə ilk dəfə qanorar sevincini müəllimlərimdən biri hesab etdiyim insan, əməkdar mədəniyyət işçisi, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid yaşadıb. İkinci kursda oxuyanda esse və hekayələrdən ibarət iki kitabım nəşr edilmişdi. Bakalavr pilləsindən məzun olarkən isə gələcək tələbələr üçün bir yol xəritəsi rolunu oynayacaq “Elə bir ailədənəm ki…” adlı kitab yazdım. Kitab iki nüsxədən ibarətdir. Birinci hissədə müəllimlərimi ayrı-ayrılıqda təhlil etmişəm. İkinci hissədə isə fərqli vaxtlarda gerçəkləşmiş səfər və tədbirlərimiz haqqənda yazdığım reportajlar toplanıb. Üçüncü kitabım inkişafımda, qazandığım bütün uğurlarda böyük əməyi olan əmim Süleyman Məmmədovun xatirəsinə həsr edilmiş “Yüzə bərabər əlli”dir. Ümumiyyətlə, düşünürəm ki, müəllimlərimin və ailəmin mənə qarşı olan ümidlərini doğrultmuşam”.

Kənan Novruzov və Rəşad Məcid

– Sizcə, jurnalistika fakultəsində təhsil alan tələbələr ixtisaslarını kifayət qədər sevib, öz üzərində çalışırlarmı?

“Hazırda BDU-nun jurnalistika fakultəsinin Azərbaycan bölməsində bir kursda təqribən 90 nəfər tələbə təhsil alır. Sual oluna bilər ki, onların neçəsi universiteti bitirdikdən sonra və ya elə təhsil aldığı müddətdə istehsalat təcrübəsi keçmək imkanına sahib olur? Çox az tələbə var ki, belə şans qazana bilib. Fikrimcə, bir neçə qəzetdə təcrübədə keçməklə, həqiqətən, bəxtim gətirib. Beləliklə, seçdiyim sahəni dərindən mənimsəmək imkanım olub. Yaxşı olardı ki, universitetlərin jurnalistika fakültələri ilə fərqli media subyektləri arasında əlaqələr güclənsin və praktik dərslər redaksiyalarda tədris olunsun. Məsələnin ikinci tərəfi tələbələrin üzərinə düşür. Bu il iki qrupa dərs demək imkanım oldu. Müşahidələrimə əsasən deyə bilərəm ki, tələbələrin əksəriyyəti sahələrini dərindən mənimsəmək istəmirlər. Çünki həvəs yoxdur. Onlar unudurlar ki, jurnalistika sahəsini seçən insan daim axtarmalı, araşdırmalı və informasiya yönümlü olmalıdır. Hər peşənin çətinliyi var. Jurnalistika isə bütünlüklə çətinliklərdən ibarətdir. Gərək buna hazır olasan”.

– Jurnalist olmaq üçün sırf bu ixtisasdan məzun olmaq şərt sayılmalıdırmı?

“Əvvəllər düşünürdüm ki, yaxşı jurnalist olmaq üçün, həqiqətən, dediyiniz kimi, bu ixtisasa sahib olmalısan. Amma belə deyilmiş. Tanıdığım bir çox jurnalist, o cümlədən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ayna- Zerkolo” qəzetinin təsisçisi Elçin Şıxlı, hazırda əməkdaşı olduğum “Report” İnformasiya Agentliyinin redaktorlarından biri İmdad Əlizadə başqa ixtisaslara sahib olsalar da, peşəkar media adamı, tanınmış qələm sahibləridirlər. Jurnalistika fakültəsini bitirən, amma özünü tapmayan o qədər adam var ki…”

– Azərbaycanda jurnalistika, media sahəsində olan problemlər həllini nə dərəcədə tapa bilir?

“Medianın İnkişaf Agentliyi yaranandan bəri müəyyən müsbət addımlar atılıb. Onlar müxtəlif qurumlarla ortaq seminarlar keçirirlər. Həmin seminarlarda iştirak edən jurnalistlər bilavasitə qurumların iş prinsipini canlı görmək və hadisələrə yaxından müdaxiləni izləyə bilirlər. Bu sahədə ortaq layihələrin keçirilməsi jurnalistikada başlıca problemlərdən biri olan ixtisaslaşma məsələsini həll edəcəkdir. Düşünürəm ki, Agentlik bu məqsədlərə də nail olmaq istəyir. Bu gün Media Agentliyinin vəzifəsi islahatların dərinləşdirilməsi, dövlət media siyasətinin daha da təkmilləşdirilməsi, müvafiq normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının məqsədli proqramların hazırlanması və həyata keçirilməsidir. Hazırda Agentlikdə media qurumlarının iqtisadi müstəqilliyini artırmaq, operativlik naminə onların dövlət orqanları ilə işgüzar əməkdaşlığına şərait yaratmaq, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına yardımçı olmaq yönümündə səylər göstərilir. Yeni, mütərəqqi dəstək formalarının KİV-in müəyyən ələ baxımlıq təzahürlərini aradan qaldıracağı, kimsədən asılı olmayan müstəqil nəşrlərin fəaliyyətinə şərait yaradacağı şübhəsizdir”.

– Hər şəxsin öz işinə qarşı bir hesabatı var. Siz həm jurnalist, həm də siyasi-ekspert kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz?

“Mən özümü qiymətləndirə bilmərəm. Bu barədə oxucular münasibət bildirə bilərlər. Sadəcə onu deyim ki, xarici siyasətə ciddi marağım var. “Şərq” qəzetində çalışdığım illərdə məhz bu sahədən yazır, gündəlik olaraq müxtəlif politoloqlarla, analitiklərlə danışır, prosesləri izləyirdim. Baş redaktorum Akif Aşırlı, baş redaktor müavinim Yusif Nəzərli, redaktorum Ayyət Əhməd və başqaları da bacarıqlarımın artması üçün əllərindən gəldiyi qədər kömək edirdilər. BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin professoru Əlimusa İbrahimov və başqalarının siyasi şərhçi kimi formalaşmağımda müstəsna xidmətləri olub. Onlarla müntəzəm olaraq müzakirələr aparırıq. Hazırda “Report” İnformasiya Agentliyində beynəlxalq siyasətdən yazıram. Eyni zamanda Azərbaycanda yeni yaradılan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”də də siyasi ekspert kimi çalışıram. Mərkəzin rəhbəri Samir Hümbətova mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Əlbəttə, gərgin əməyin, zəhmətin bəhrəsini insan gec-tez görür. Göstərilən bütün etimadları doğrultmağa çalışıram”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin