İlon Maskın “Starlink” layihəsi – Azərbaycanda bu layihə gerçəkləşə bilərmi?
BEY.AZ informasiya agentliyi xəbər verir
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Starlink” şəbəkəsinin ilk 60 peykini 2019-cu ilin may ayında, ikinci qrupu oktyabr ayında, üçüncü, dördüncü, beşinci qrupları da bu ilin yanvar-fevral aylarında, son dəfəki isə 22 aprel tarixində fəzaya çıxarıb.
Dünyaya səs salmağa davam edən bu layihə alçaq orbitdə çoxlu sayda rabitə peyklərini yerləşdirməklə dünyanın hər yerində, o cümlədən, ən ucqar nöqtələrdə 5G rabitə texnologiyasına uyğun gələn internet xidmətini təmin etməyi nəzərdə tutur. Dünyanı kəsintisiz internetlə təmin etmək üçün Mask 12 000 peyki orbitə çıxarmaq üçün ABŞ rəsmilərindən icazə alıb.
Bundan başqa, amerikalı milyarder Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib:
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a bildirib ki, Ukrayna- Rusiya müharibəsinin başlanması ilə “Starlink” özü də bir silaha çevrilib.
“Ukrayna uğrunda müharibə həm də göydə gedir. Rusiya var qüvvəsilə Starlink-i sıradan çıxarmağa , siqnallarını söndürməyə və əngəlləməyə çalışır. Amma İlon Maskın komandası dərhal peykin proqram təminatlarında yeniləmə və yeni kodlar əlavə etməklə kiber hücumun qarşısını alırlar.
Hazırda Ukraynada “Starlink”in nəinki kritik qurumlarda, artıq mülki sektorda, vətəndaşlar arasında da istifadəçiləri xeyli artıb. Hazırda bu ölkədə 150 min istifadəçi “Starlink”dən internet alır. Bu isə Rusiya ordusunun işğalçılıq addımlarını xeyli çətinləşdirr”.
Osman Gündüz
Bu layihənin Azərbaycanda gerçəkləşməsinə gəlincə, ekpertin sözlərinə görə, bunun üçün ölkəmizdə iki şərt ödənilməlidir:
“Ölkə ərazi “Starlink” peyklərinin əhatə dairəsinə daxil olmalı və ən əsası da həmin ölkənin tənzimləyici qurumu onun fəaliyyətinə icazə verməli, ən azı şərait yaratmalıdır. Artıq “Starlink”də Azərbaycanın ərazisinin də əhatə edildiyi görsənir. Qalır tənzimləmə məsələsi. Bu isə hökumət səviyyəsində həll edilməlidir. Çünki Starlink peyk internet xidməti olduğundan, burada söhbət yalnız siqnalın qəbulundan deyil, onun peykə ötürülməsindən də gedir. Peyk siqnalının qəbulunun sərbəst və lisenziyasız olmasına baxmayaraq, siqnalın ötürülməsi lisenziyalı xidmətdir. “Yəni Starlink”in ölkədə quracağı ötürücü stansiya üçün mütləqdir ki, icazə alınsın və şərait yaradılsın.
“Əlbəttə Ukraynada olduğu kimi, qonşu ölkələrin peyk stansiyalarından da istifadə oluna bilər. Düşünürəm ki, Peyk interneti nə qədər baha olsa da, Ukrayna müharibəsi də göstərdi ki, alternativ olaraq, informasiya təhkükəsizliyi və milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Starlink-in ölkəmizdə fəaliyyətə başlamasına şərait yaratmaq doğru olardı”.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.