İrəvan-Ankara yaxınlaşması Bakını narahat etməlidir?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Türkiyəyə gətirən səbəb var. Xüsusilə də Türkiyədə baş verən təbii fəlakət sonrası bu səfər daha çox diqqət çəkir”.
Bu açıqlamanı Metbuat.az-a politoloq Turan Rzayev edib. Onun fikirlərinə görə, rəsmi İrəvan faktiki olaraq Türkiyədə baş verən təbii fəlakətdən öz maraqları üçün istifadə etməyə çalışır.
“Bunu istər hadisədən sonra rəsmi İrəvanın əraziyə göndərdiyi xilasetmə qrupu və humanitar yardımlar, istərsə də 35 ildən sonra Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması təsdiqləyir. Xüsusilə Türkiyə Ermənistanla sərhəddinin humanitar məqsədlər üçün açılması Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ümidləri artırdı. İrəvan faktiki olaraq humanitar məqsədlər üçün belə olsa, iki ölkə arasında sərhəd məntəqəsinin açılmasına nail oldu və hazırda bunun davamlı olması üçün səylərini artırır. Təsadüfi deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlamasında qeyd etdi ki, “Ermənistan tərəfi hər an Türkiyə ilə sərhədi açmağa hazırdır”. Qriqoryanın bu açıqlamasından sonra Mirzoyanın Türkiyəyə səfər etməsi ondan xəbər verir ki, rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda iki ölkə arasında sərhədlərin açılmasına çalışır”.
Bu yaxınlaşmada maraqlandıran suallardan biri də Bakının narahat olmasına hər hansı bir əsasın olub olmaması ilə bağlıdır. T.Rzayev hesab edir ki, rəsmi Bakı bütövlükdə Ermənistan-Türkiyə yaxınlaşmasına ya da iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı deyil.
“Hətta Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır. Prezident çıxışılarının birində bildirib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna “hər hansısa mənfi rəy verilməyəcək”. Onsuz da Türkiyə bu məsələdə maksimum dərəcədə Azərbaycanın mövqeyini nəzərə alır və alacaq. Amma bu o demək deyil ki, Türkiyə özünün xarici siyasətini bütövlüklə Azərbaycanın siyasəti ilə eyniləşdirməlidir. Misal üçün 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqınından sonra iki ölkə münasibətləri faktiki olaraq sonlandı. Lakin İsrail-Azərbaycan münasibətləri olduğu kimi qaldı. Rəsmi Bakının vaxtında atdığı bu doğru addım bu gün Türkiyə-İsrail münasibətlərinin normallaşmasında ən önəmli faktor oldu. Azərbaycanın vasitəçiliyi və diplomatik təmasları ilə ilə Təl-Əviv və Ankara arasındakı buzları əridərək münasibətləri əvvəlki səviyyəyə qaytarır. Bu mənada bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankara və Bakının regionda mövqeyini daha da gücləndirə bilər”.
Turan Rzayev onu da qeyd etdi ki, hazırda Ermənistan uğrunda regionda Qərb və Rusiya arasında kəskin mübarizə gedir. Bu mübarizədən kənarda qalan yeganə güc isə Türkiyədir. Faktiki olaraq Türkiyənin bu gün Ermənistana heç bir təsir gücü yoxdur.
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankaranın İrəvana qarşı təzyiq rıçaqlarından istifadə imkanlarını artırır. Belə ki, iki ölkə arasında münasibətlərin normallaşması ilk etabda siyasi və iqtisadi sferanı əhatə edəcək. Sərhədələrin açılması isə öz növbəsində türk şirkətlərinin Ermənistana, erməni işçilərin isə Türkiyəyə axın etməsi ilə nəticələnəcək. Xüsusilə türk şirkətlərinin Ermənistan bazarında pay sahibi olması Ankaranın bu ölkədə iqtisadi varlığından xəbər verəcək. Onsuz da zəif və xarici ianələrdən asılı olan Ermənistan iqtisadiyyatı üçün türk şirkətləri yeni nəfəs deməkdir. Türk şirkətlərinin Ermənistan bazarında çəki qazanması isə öz növbəsində gələcəkdə bu ölkənin siyasətinə təsir etmək deməkdir. Son olaraq isə Ermənistanın rus asılılığından xilas olub Qərbə inteqrasiya etməsi üçün Türkiyədən başqa alternativi yoxdur. Bunu İrəvan da yaxşı bilir. Bu mənada nə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması nə də sərhədin açılması Azərbaycanı qətiyyən narahat etməməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrəvanAnkara #yaxınlaşması #Bakını #narahat #etməlidir