İradə İbrahimovadan ÜZÜCÜ XƏBƏR: “Bir qızıma, bir də oğluma baxdım…”
BEY MEDIA İnformasiya agenti xəbər verir
Müğənni İradə İbrahimova koronavirusa yoluxub.
Metbuat.az bildirir ki, sənətçi bu haqda şəxsi “Instagram” hesabı üzərindən paylaşım edib:
“Özümü tanıdığım ilk gündən bəri “məsafəsiz”siz bir günüm olmadı.Məsafə mənim qalxanım, bir parçam oldu. Covidlə bərabər təkrar məsafə saxladıqlarım, geri çəkildiyim, yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Covidə gəlincə, gəldiyi kimi gedəcəyini bilirəm.Yaradan yaratdığı kimi yox da edəcək. Hələ ki, vəzifə başında olduğunu da ,bizləri tərbiyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam hər nə öyrətməyə gəlibsə, başa düşərik, öyrənərik.
Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim, açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil, əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam.
Vəlhasil, günlərdir evin ən “pozitiv”i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə “neqativ”ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür… Demək, mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir.
Bu arada, “yaxşıyam,narahat olmayın!” deməyi unutmuşam. Yatıb-qalxıb şükür etdiyim bir baxıcım var ki, sayəsində rahat keçirirəm. Bu səhər bir qızıma, bir də oğluma baxdım və inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşaqlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur, istər qadın, istər kişi olsun, vicdanlı, görülü, mərhəmətli olmaq, əl uzatmaq, insan olmaqla, insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı, günorta da axşamı soruşan, uşaqların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun! Ürəyimdən xəstəlikdə, sağlıqda, yaxşı gündə, pis gündə deyərək, illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki, dualarınızla, xoş diləklərinizlə geyinib-keçinəcəm. Yaxşı ki, varsınız! Sağlıq! Sağlıq! Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.