İstisunun tayı-bərabəri yoxdur – Zavod direktoru
Kimyəvi tərkibinə görə İstisu sulfatlı-hidrokarbonatlı, natriumlu içməli təbii mineral qazlı sudur. İstisuyun tərkib göstəriciləri ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlanılıb. Analiz nəticələrini həm Almaniyada, həm də Türkiyədə söz sahibi balneoloqlara göndərdik. Onların hazırladıqları balneoloji hesabatlar elmi məqalə dəyərindədir. Burada suyun tərkibinin insana necə faydalı olduğu elmi və təcrübi baxımdan sübut olunur. Həqiqətən də bu suyun tayı-bərabəri yoxdur və bu, bizə imkan verəcək ki, biz Azərbaycan məhsulunu dünyanın məşhur suları arasında tanıdaq və onun üstünlüyünü vurğulayaq.
BEY.AZ xəbər verir ki, bunu Kəlbəcərdə AZƏRTAC-a müsahibəsində İstisu mineral su zavodunun direktoru Adil Haqverdiyev deyib.
O bildirib ki, mineral tərkibinə görə İstisuyun sağlamlığa bir çox faydası var. İstisu mineral suyu mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmi yaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa, artıq çəki problemlərinin həllinə kömək edir. Həmçinin sümüklərin sağlamlığına dəstəkləyici rol oynayır, oynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır, ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqini normallaşdırır. Qəbizlik və qıcıqlanmış bağırsaq sindromunda, öd kisəsi və kanallarının funksionallığının normallaşdırılmasında, fiziki fəaliyyətdən sonra mineralların bərpasında müsbət rol oynayır, yaşlanma prosesini ləngidir, eləcə də antioksidant xüsusiyyətlərə malikdir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |