fbpx

Kişi müəllimlərin sayı nəyə görə azalıb?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda kişi müəllimlərin sayı gündən-günə azalır. Qadın üçün ən ideal peşənin müəllimlik olduğunu düşünənlər təhsildə kişi müəllimlərin sayının az olmasının yarada biləcəyi fəsadlardan bəlkə də xəbərsizdir.

Metbuat.az Təhsil Nazirliyindən ölkədə fəaliyyət göstərən kişi və qadın müəllimlərin sayını əldə edib. Belə ki, hazırda ölkədə 22461 kişi müəllim, 121284 qadın müəllim var. Paytaxtda fəaliyyət göstərən 33312 müəllimin 2590 nəfəri kişi, 30722 nəfəri isə qadın müəllimlərin sayı təşkil edir.

Regionlarda isə 110433 nəfər müəllim heyəti var. Onlardan 19871 nəfəri kişi müəllimlərin sayı, 90562 nəfəri isə qadın müəllimlərdir.

Rüya tabirlerini burdan oku

Rəqəmlərə baxdıqca, bir sual yaranır. Kişi müəllimlərin sayı ilə qadın müəllimlərin sayı arasında nəyə görə bu qədər fərq var? Sualın cavabını bir də bu sahədə olan müəllimlərin dilindən oxuyaq:

Binəqədi rayon 314 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsi rəhbəri Salmanov Asif:

“Hazırda kişi müəllimlərin sayının az olmasının müxtəlif səbəbləri var. Bu münasibət sovet dönəmlərindən var idi. Valideynlər daha çox qızlarını bu sahəyə yönləndirirdilər. Mənim subyektiv fikrimə görə, bugünkü gündə isə maddiyyatın aşağı olması əsas səbəbdir. Nəzərə alaq ki, kişi ailə başcısıdır və az məvacib kişi müəllimlərin bu sahəyə olan marağını azaldır. Bunda başqa, əvvəllər müəllim şagirdlərin gözündə fərqli – dahi, üstün bir şəxsiyyət kimi görünürdü. Ona görə də kişi müəllimlərin sayı qismən daha çox idi. Lakin 90-cı illərdən sonra bunlar dəyişdi. Müəllimlərin qarşısındakı şagirdlər artıq onları, yaşadıqları çətinliyi yaşamaq istəmirdilər.

Düşünürəm ki, təhsil sahəsində aparılan islahatlar müsbət dəyişikliklərə səbəb olacaq. İşə qəbul prosesində şəffaflığın olması, diaqnostik qiymətləndirmə kimi islahatlar kişi müəllimlərin də bu sahəyə olan marağını artıracaq”.

Masallı rayonu, fiziki tərbiyə müəllimi Pərviz Pənalıyev:

“Hazırda məktəblərdə bu durum acınacaqlıdır. Mən düşünürəm ki, buna səbəb sosial vəziyyətdir. Qadın müəllim üçün 500-600 manatlıq məvacib normaldır. Amma kişi müəllimi ailə başçısıdır və bu məvacib heç də yetərli deyil. Hazırda oğlan uşaqları buna görə, bu sahədən uzaqlaşaraq başqa saəhələrə üz tuturlar”.

Avropa Azərbaycan məktəbinin tarix müəllimi Mehdi Qaytaranov:

“Düşünürəm ki, ən önəmli faktor maaş məsələsidir. Bu danılmaz faktdır ki, məvacib olduqca azdır. Düzdür, son zamanlar müəllimlərin maaşı nisbətən artırılıb. Amma bu yenilik ilə kişi müəllimlərin bu sahəyə qayıtması bir az vaxt alacaq. Belə deyə bilərik ki, qadınlar üçün hər işdə işləmək çətin olduğuna görə, onlar müəllimlik peşəsinə üz tuturlar. Bundan başqa, düşünürəm ki, qadın həm də bir ana olduğu üçün dərs deməkdə, uşaqları tərbiyələndirməkdə daha bacarıqlıdır. Kişi müəllimlər isə bu məsələdə bir az geri qalır. Kişilər də düşünür ki, əgər daha çox məvaciblə iş tapa biliriksə, nəyə görə gedib az məvaciblə çalışaq”.

Cəlilabad şəhəri 5 nömrəli məktəbin müəllimi Kərimov Elşən:

“Ümumi təhsil müəssisələrində kişi müəllimlərin sayının azlığı müasir dövrdə aktual olsa da, bu təzad nə bu günün problemi, nə də təkcə ölkəmizin problemidir. Bu tendensiya dünyanın əksər ölkələrində mövcuddur. Səbəblərinə gəlincə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, kişi müəllimlərin azlığı əmək haqqı məsələsi ilə birbaşa bağlıdır. Bu amil doğrudur.

Müəllimlik peşəsinə qadınların axınının kişilərin qaçışının bir neçə səbəbi var.
Burada ilk olaraq əmək bazarında təklif olunun iş yerləridir. Pedoqoji ixtisas üzrə ali təhsil alan kişilərin əmək bazarında digər peşələrə üz tutmasını da xüsusi qeyd etməliyik. Araşdırsaq, hüquq-mühafizə orqanlarında, bank sektorunda, özəl sektorda və başqa sahələrdə minlərlə ixtisası müəllim olan kişi işçilər var. Qadınların pedoqoji sahədə çalışması onlar üçün daha əlverişlidir. Belə ki, qadın həm də evdarlıq funksiyasını yerinə yetirəndir. Əksər valideynlər, eləcə də ərlər qısqanclıq səbəbindən övladlarını, xanımlarını yalnız məktəbdə işlətməkdə israrlı olurlar. Məktəb axı həm də məbəd, təlim-tərbiyə ocağıdır”.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, hazırda buna əsas səbəb əməkhaqqlarının aşağı olmasıdır:

“Təəssüflər olsun ki, hazırda ölkədə ümumi təhsil müəssilərində, eyni zamandan orta ixtisas təhsili müəssilərində kişi müəllimləri sayında çatışmazlıq var. Bunun da əsas səbəbi kişi müəllimlərin təhsil prosesindən uzaqlaşmasıdır. Düşünürəm ki, bu, əməkhaqqı ilə bağlıdır. Çünki onların aldığı məvacib bir ailənin dolanışığı üçün yetərli deyil. Bu nöqteyi-nəzərdən kişi müəllimlər başqa peşələrə üz tuturlar. Nəticədə hazırkı problemlə üz-üzəyik.

Xüsusilə, ibtidai sinif müəllimləri arasında kişi müəllimlərin sayı demək olar ki, barmaqla sayılası qədərdir. Əvvəllər isə ibtidai siniflərdə kişi müəllimləri də var idi, hazırda olduğu qədər ciddi fəsadlar yox idi. Bu kimi hallar olduğu zaman biz təbii ki, deyə bilmərik kişi müəllimlərin əməkhaqqı artsın. Burada ümumi müəllimlərim əməkhaqqında artım olmaldır ki, kişi müəllimlər prosesə cəlb olunsunlar. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilməlidir, onlara stimul verilməlidir”.

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

Ekspert qeyd edir ki, bu problemin bir sıra fəsadları var:

“Fəsadlara gəlincə, həm oğlan, həm qızlar məktəbəqədər hazırlıqda da, orta ümumi təhsil müəssisələrində qadın müəllimləri görürlər. Yuxarı siniflərə yenə də qadın müəllimlər üstünlük təşkil edir. Ünsiyyət daha çox qadın müəllimləri ilə olduğuna görə, bu da onların psixologiyasına təsir edir.

Kişi müəllimlərlə isə müəyyən məsələlərin qarşısı alınır. Elə problemli məsələlər var ki, müəllim ana, qadın mövqeyi kimi humanist yanaşır. Kişi müəllimlərin ciddiyəti ilə isə şagirdlər müəyyən məsələrdə çəkinir. Adətən, bu müəllimlərin dərslərində nizam-intizama meyilli olurlar. Düzdür, istisna olaraq bir çox xanım müəllimlər, direktorların olduğu təhsil müəssisələrində də müəyyən intizamlara riayət olunur. Hazırda bu məsələ ilə bağlı neqtiv məqamlar görürük. Ümid edirik ki, dövlətimiz tərəfindən müəyyən işlər görülər və kişi müəllimlər təhsilə cəlb olunacaq”.

Psixoloq Müşviq Mustafayev psixoloji amilləri vurğulayaraq qeyd edir ki, qadın müəllimlərin bir ana kimi humanistliyi şagirdlərin bir sıra keyfiyyətlərini ləngidə bilər:

“Birinci məsələ sosial, iqtisadi amillərlə bağlıdır. İkincisi isə sırf psixoloji amillərdir. Qadın ilk növbədə anadır. Çox vaxt uşaqlara doğma övladı kimi yanaşır və tərbiyə prosesində istər-istəməz müəyyən yumşaqlıqlara yol verir. Bu da ilk növbədə ibtidai siniflərdə, məktəbə yeni addım atan uşaqlarda bir sıra keyfiyyətlərin inkişafını ləngidir və ya formalaşmasının qarşısını alır. Xüsusilə, təşəbbüskarlıq, cəsurluq, qətiyətlilik kimi keyfiyyətlərin inkişafına mane olur. Bu, ilk növbədə qadın müəllimlərin bir ana kimi ürəyiyumşaqlığı ilə bağlıdır. Nizam-intizamda da müəyyən problemler yaranır. Bu da xüsusi psixoloji vəziyyətdir.

Eyni zamanda, mühitin təlim-tərbiyə prosesinə təsiri danılmazdır. Bu baxımdan məktəbdə qadın müəllimlərin çoxluq təşkil etməsi ilə oğlanlarda feminizasiya prosesi gedə bilər ki, bu da gələcəkdə onların özləri haqqında təsəvvürlərinə mənfi təsir göstərə bilər. Hər şeydən əvvəl belə deyək ki, onlar üçün imitasiya etdirən davranış repertuar olunur. Nəticə etibarilə ilə böyüyən nəsil gələcəkdə bundan əziyyət çəkir. Əlbəttə müəyyən bir dövrdə özünü tərbiyə vasitəsilə bunu aradan qaldırmaq mümkündür. Amma möhkəmlənmiş və stereotipləşmiş davranış eyni zamanda həmin qabiliyyətlərin ləngiməsi, o cümlədən yaranmış vərdişlər qeyd etdiyimiz problemlərin yaranmasına səbəb olur.

Amma bir məsələni vurğulamaq istəyirəm ki, bu qeyd etdiklərim sübut olunmayıb. Yalnız müşahidələr, gündəlik həyat tərzi belə nəticə çıxarmağa imkan verir”.

Gülər Seymurqızı / METBUAT.AZ

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin
fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu