Körpələri bu yersiz müalicələrə məruz qoymayın
BEY.AZ informasiya agentliyi xəbər verir
Əmgək alnın yuxarı hissəsində təpə sümüklərinin arasında yerləşən və dəri ilə örtülü olub, sümüklə örtülü olmayan yumşaq hissəsidir. Əmgək bütün körpələrdə doğuşdan olur və başın böyüməsi üçün çox mühümdür. Zamanla kiçilən və müəyyən vaxtdan sonra isə tamamilə bağlanan əmgəkdə bəzən müəyyən dəyişikliklər olur. Bu baxımdan əmgəyin ölçülərini, bağlanma zamanını və quruluşunu yaxşı bilmək lazımdır.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən pediatr-neontoloq Altay Abdullaoğlu bildirdi ki, bir çox hallarda “əmgək” körpənin həyatı üçün hər hansı bir ciddi problem yaratmır. Lakin buna baxmayaraq körpələri aylarca davam edən müalicələrə məruz qoyurlar.
“Əmgəyin ölçüləri 1- 4 sm arasında dəyişir. Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər böyük və ya balaca ola bilər. Bu kimi hallarda körpənin baş ölçülərinə baxılmalı və müayinə edilməlidir. Əgər nəticələr normaldırsa o zaman müalicəyə də ehtiyac yoxdur. Lakin bu körpələr nəzarətdə saxlanılmalı, müəyyən aralıqlarla müayinə olunmalı, başın ölçüləri davamlı izlənilməlidir. Birdən gələcəkdə əmgəyi erkən bağlanar, başı kiçik olar, körpədə kəllədaxili təzyiq yaranar deyib indidən müalicələrə başlamaq doğru deyildir. Çox vaxt bu körpələrdə hər hansı bir ciddi problem olmur. Əgər müşahidələr zamanı bunun əksi olarsa, yalnız bu zaman müvafiq müalicələr və araşdırmalar başlanılmalıdır”.
Əmgəyin normal körpələrdə 6-18-ci ay arasında istənilən vaxtda bağlana biləcəyini qeyd edən pediatrın sözlərinə görə, bəzən əmgək bir az tez və ya gec bağlanır. Bu kimi hallarda körpə müayinə edilməli, baş ölçüsü və başın böyümə dinamikasına baxılmalıdır. Ehtiyac olarsa müəyyən analizlər və ya ultrasəs müayinələri edilə bilər.
“Əmgəyin gərgin olması və ya pulsasiya etməsi bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Hətta normal körpələrdə də bəzən bu kimi hallar olur. Hansı ki, bu normal bir haldır və heç bir müalicəyə də ehtiyac yoxdur. Ümumiyyətlə əmgəyin tez və ya gec bağlanması, geniş və ya kiçik olması əksər hallarda körpələrdə hər hansı bir fəsadlara səbəb olmur. Bu elmi və eyni zamanda statistik nəticədir. Buna görə də körpələri yersiz müalicələrə məruz qoymaq doğru deyildir” deyə Altay Abdullaoğlu fikrini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.