Kritik görüşə bir gün qaldı
Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
BEY.AZ bildirir ki, politoloq Turan Rzayev məsələyə şərh verib. Onun sözlərinə görə, dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Bununla belə, görüşün birbaşa Ermənistanın ticarət əlaqələrini şaxələndirmək məqsədi daşımadığı bəllidir:
“Məsələ ondadır ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan asılıdır. Özü də bu asılılıq bir sahə ilə kifayətlənmir. Ermənistana xarici valyuta əsasən Rusiyadan gəlir. Bundan başqa, kənd təsərrüfatı mallarının çıxdığı bazar da Rusiya bazarıdır. Ən önəmli məqam isə minlərlə Ermənistan vətəndaşının Rusiyada çalışmasıdır”.
Politoloq bildirib ki, burada Türkiyə faktorunu da unutmaq olmaz:
“Ermənistanla Türkiyə arasında siyasi-iqtisadi münasibətlər normallaşmağa doğru getsə də, proses hələ tam bitməyib. Yəni Türkiyə ilə sərhədlər açılmadıqca, Ermənistanın Avropa bazarına çıxışı limitli olacaq. Paşinyanın tələb etdiyi bir neçə milyard dollar və ya avroluq yardım paketləri də Ermənistanı Rusiya asılılığından xilas etməyəcək. Bu baxımdan Blinkenin söylədiyi kimi, Vaşinqtonun Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarması o qədər real və inandırıcı deyil”.
“Prezident İlham Əliyev telefon danışığı zamanı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb”.
Politoloqun sözlərinə görə, Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, İlham Əliyevin sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir:
“Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Bu bir daha Bakının İrəvanla gərginlikdə, müharibədə maraqlı olmadığını göstərir, lakin rəsmi Bakı açıq şəkildə deyir ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.