Leyla və Arzu Əliyevalar ağacəkmə aksiyasında
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Xətai rayonunda yerləşən “Gənclik” parkında növbəti ağacəkmə aksiyası həyata keçirilib.
BEY.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və IDEA könüllülərinin, o cümlədən Avropa Azərbaycan Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı 600 ədəd Eldar şamı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.
Eyni zamanda, tədbir zamanı IDEA İctimai Birliyinin “Şəhər ekologiyası”(“Urban Ecology”) layihəsi çərçivəsində “Gənclik” parkında mövcud olan yaşıllıq sahəsinə Bakı Zooloji Parkında çoxaldılmış 20 sincab buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların “Gənclik” parkı ərazisində təbii şəkildə çoxalmasıdır.
Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.
IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 – Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |