Lirənin bahalaşması gözlənilir? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan sərt pul siyasətini davam etdirəcəklərini və bununla da, lirənin dəyər qazanacağını deyib. O, iyun ayından etibarən ümumi inflyasiya dərəcələrində ciddi eniş gözlədiklərini bildirib.
Mövzu ilə bağlı BEY.AZ-a danışan iqtisadçı Cəfər İbrahimli deyib ki, Türkiyədə inflyasiyanın qarşısını almaq üçün əvvəlki illərdə də bu tipli addımlar atılıb:
“Lirənin sürətli dəyər itirməsi 1994, 1998, 2002-ci illərdə də baş verib. Lirənin dəyər itirməsi və inflyasiya məsələsi ikisi bir-birinin təsirində idi. Hazırda həm lirə sürətlə dəyər itirir, həm də inflyasiya rəqəmləri son 3 ildə həddindən artıq yüksəkdir. Türkiyə Mərkəzi Bankı sərt pul siyasətinə keçib. Eyni zamanda lirənin pul kütləsini azaltmağı davam etdirir.
Əvvəlki dönəmlərdən fərqli olaraq, son 1 ildə hökumət demək olar ki, xərcləmələrin artırılmasını tamamilə dayandırıb. Seçki məsələsi ilə bağlı durmadan maaşları və digər dövlət xərclərini artırırdılar. Ona görə, inflyasiyanı tənzimləmək mümkün olmurdu. Son 1 ildə hökümət tərəfindən ortaya qoyulan strateji planla artıq bu edilmir. Buna görə, büdcə xərclərinin artırılması da məhdudlaşdırılıb. Bu da inflyasiyanın azalmasına təsir edir. Bütün bunların fonunda lirənin dəyərdən düşməsində son vaxtlar dayanma var”.
İqtisadçı inflyasiyanın azalacağını deyib:
“Yay mövsümünün də Türkiyədə inflyasiyanın azalmasına ciddi təsiri olur. İnflyasiya yaxın 1 ildə hökümətin istədiyi və Mərkəzi Bankın fikirləşdiyi faizə gələ bilər.
Lirənin dəyər qazanması bir az çətin olacaq. Türkiyə hökümətinin hədəfi lirənin dəyər qazanması deyil. Sadəcə olaraq, dəyər itkisini ciddi şəkildə məhdudlaşdırmaqdır ki, bu, inflyasiyanın yaranmasının səbəblərindən biridir.
Türkiyə idxal-ixrac ölkəsidir. Kurs dəyişimi ciddi şəkildə çətinlik yaradır. Xammal xaricdən alındığı üçün, baha başa gəlir. Bu da məhsulların qiymətinin artmasına səbəb olur. Lirənin dəyər qazanması yox, dəyərinin qorunması ola bilər”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |