fbpx

“Lüt gəzsəm də, kiminsə haqqı yoxdur hücum etsin”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Metbuat.az lent.az-a istinadən ölkəmizi 2014-cü ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş, müğənni Dilarə Kazımova ilə müsahibəni təqdim edir:

– Bu yaxınlarda “Xarizma”, “İsti-isti” kliplərini təqdim etdiniz. Ümumiyyətlə, repçi, aparıcı, caz ifaçısı – 4 xanım necə oldu ki, eyni layihədə bir araya gəldi?

– Caz ifaçısı Ülviyyə Rəhimova ilə illərdir dostam. 2011-ci ildə “Avroviziya” üçün seçim turlarında tanış olduq və orada rəqabət apardıq. Sonradan elə oldu ki, rəqabət dostluğa çevrildi. Ülviyyə ilə biz çoxdan bir layihə etmək istəyirdik, etdik də. Repçi Ülkər ilə isə 15-16 yaşımızdan bu yana tanışıq, bir yerdə oxumuşuq. Bir gün dost kimi yığışdıq hamımız, dedik ki, gəlin bərabər nəsə mahnı hazırlayaq. Əslində, bir yenilik düşünmürdük, sadəcə qərara gəldik ki, dördümüz də oxuyaq. Mahnı ya da klip təqdim edəndə fikirləşmirəm ki, tutacaq, ya yox. Əgər mənim xoşuma gəlirsə, deməli dinləyicilərimin də sevəcək.

Rüya tabirlerini burdan oku

– Hansı üslub sizin ruhunuza daha yaxındır: Caz, soft rok yoxsa pop?

– Əslində çox üslubları bəyənirəm. Rok üslubundan başlamışam, sonra pop üslubuna keçid etdim. Çalışıram ki, hər üslubda özümü sınayım. Popda həm rok var, həm də çox geniş üslubdur. Yəni nə istəyirsən, içində var. Ona görə pop üsluba daha çox üstünlük verirəm. İndi yeni-yeni üslubumu seçirəm və onu təkmilləşdirirəm.

– Hansısa meyxanaçıdan duet ortağı olmaq təklifi gəlsə, qəbul edərdiniz?

– Ola bilər, amma hansı üslubda ifa edəcəyimə və duet ortağımın kim olacağına baxır.

– Azərbaycanda estrada müğənnisi olmaq asandır, yoxsa çətindir?

– Yeniliklər gətirən, inqilab edən insanlara təbii ki, həmişə çətin olur. Çünki komfort sahəndən çıxırsan, təbii ki, rahat olmayacaq. Yenilik gətirəndə insanlara qəribə, maraqlı gəlir. Yenilik riskdir, risk etmək lazımdır.

– Bəs nələrlə üz-üzə gəlirsiniz? Ən çox “hücum”lar nəyə görə gəlir?

– Belə deyim, “daş”lar tez-tez geyimə görə gəlir. Hərdən cəmiyyəti başa düşmürəm. Qapalı da geyinsək, açıq da geyinsək, nəsə deyirlər. İnsanlar bunu obraz kimi qəbul etməlidir. Əvvəllər tez-tez müzakirə edirdilər, qəbul edə bilmirdilər. İndi baxanda görürəm xoşagəlməz şərhlər azdır. Hər şeyin başında öncə balans olmalıdır. Məsələn, toya dəvət olunanda bu çox gözəldir, artıq sənin üslubunu insanlar qəbul edir. Həm sənin, həm də insanların zövqüncə olur. Trendin arxasınca qaçmaq lazım deyil. Yəni, dediyim kimi balans saxlamağ lazımdır ki, Dilarəlikdən kənara çıxmayım.

– Məşhur simalardan nələrsə öyrənirsiniz, yoxsa…?

– Həm Ceylo, Rihanna, Biyonsa, həm də yerli şou-biznes nümayəndələrindən bəyəndiklərimə qulaq asıram və öyrənirəm. Məni nə ilhamlandırırsa, götürüb onu Dilarə kimi, öz prizmamdan ortaya çıxarıram. Məsələn, Aygün Kazımova həmişə obrazları, geyimləri ilə şounu təqdim etməyini bəyənirəm. Röyanın səhnə davranışları məni cəlb edir. Ancaq öz üslubumu itirmədən öyrəndiklərimi tətbiq edirəm. Kimlərisə təkrarlamıram, özüməm.
Bilirsiniz, informasiya dünyada elə sürətlə yayılır ki, sən çalışıb nəsə təqdim edəndə artıq səndən öncə kimsə onu edir. Klipim montajda olanda kimsə eynisini edir və mənim klipimə oxşayır. Sonra da deyirlər biz oğurlamışıq onu. Ona görə komandama deyirəm ki, idea olan kimi tez reallaşdıraq.

– Sizi kiməsə və yaxud nəyəsə bənzədirlər?

– Tıq-tıq xanıma və Veneraya, ya da Saturna. Qara saçlarımı, boyumu, hərəkətlərimi və s. Məni hansısa heyvana belə bənzədəndə xətrimə dəymir. Heyvanları çox sevirəm və kaş ki, insanlar heyvanlar kimi olsaydı. Heyvanlar insanlar qədər incitmir planeti.

– Sevgidən danışaq bir az da. Sevgi sizin üçün nə ifadə edir?

– Sevgi mənim üçün hər şeydir, qarşılıqlı olarsa təbii ki. Balans isə hər şeydən önəmlidir. Hətta balans sözü yazılmış döyməm də var. Çox sevəndə insanı boğa da bilərsən. Ona görə hər şey balanslı olmalıdır.

– Səhnə adamı kimi gün boyu itirdiyiniz enerjini necə bərpa edirsiniz? Necə formada qalırsınız?

– Əvvəla yatmaq mənim üçün çox vacibdir, yatıb dincəlməsəm, 1-2 gün dözə bilərəm. Yoxsa dəli olaram. Daha sonra hovuza baş vururam. İdmanla mütləq məşğul oluram. Qida rasionumda isə qlütensiz və yağsız qidalara, daha çox tərkibində zülal olan, yüngül yeməklərə üstünlük verirəm. Sağlam həyat üçün balans olmalıdır.

– Qocalmaqdan qorxursunuz?

– Yaşlanmağı sevmirəm… Ağrıyırsan, güzgüyə baxırsan ki, qırışlar, cizgilər və s. Düşünürəm ki, qocalıqda heç bir romantika yoxdur. Yəqin ki, qocalanda depressiyaya girəcəyəm. Amma çalışacağam idman edim ki, hiss etməyim (gülür). Ümumiyyətlə, mənim numeralogiyamda da var, enerjim həddindən artıq çoxdur. Onu paylaşmasam, mənə əksinə gəlir. Paylaşmasam, enerji məni yeyər.

– Nəyə “yox” deyirsiniz? Özünüzə qadağa qoya bilirsinizmi?

– Bəli, insanlar barəsində deyə bilərəm ki, tanımadığımız, içini bilmədiyimiz insanları aramıza almırıq. Çalışıram ətrafımda etibar etdiyim insanlar olsun. Ağır şərtlər qoymuram özümə, normaldır. İnsanları seçdiyim kimi geyimi də seçirəm. Nə gəldi, açıq-saçıq geyinmirəm. Məsələn, sonuncu klipimizdən sonra yazıblar ki, elə bil “Playboy”un klipləridir. Həmin insan heç həyatda “playboy” görməyib. Klipdəki qızlar 40 dərəcə istidə qapalı geyinib hələ. Mən də həmçinin. Ona görə addım atanda insanları da fikirləşməli olursan.

– İkinci dəfə ailə qurmaq, övlad sahibi olmaq haqda fikirləşirsiniz? Ailə sizin üçün nədir?

– Ailə qurmağın, ana olmağın dalınca qaçmıram. Birinci evliliyimi sonlandırdım və deyə bilmərəm ki, ikinci dəfə evlənmək böyük arzumdur. Xeyr. Əgər qismət olarsa, çox sevsəm və ana olmaq fikrində olsam, hə, evlənərəm. Hələ ki rastlaşmamışam o insanla. Nə olursa, olsun, ailə olsun tərəfdarı deyiləm.
Bu yaxınlarda qadının 2 uşağı ilə özünü binadan atması xəbərini görüb dəhşətə gəldim. Uşaqlardan biri öldü, qadın bundan sonra necə yaşayacaq? Təfərrüatlarına baxanda yazılıb ki, qayınana ilə arasında mübahisə olub. Qayınanalarda da günah var, onlar da gəlinləri son nöqtəyə gətirirlər. Bu, düzgün deyil. Mən də boşananda ailəm dedi ki, boşanma, ailədir, hər şey ola bilər. Dedilər getdikcə hər şey yaxşı olacaq. Amma gördüm ki, biz bu insanla bərabər ola bilmirik, hətta bir otaqda da qala bilmirik. Necə mən özümü məcbur etməliyəm buna? Uşaq da olsaydı belə, ayrılardım. Uşaq hər şeyi bilir, hiss edir. Uşağa görə dözüb qalmaq lazım deyil. Bu, hər şeydən əvvəl psixologiyaya ziyandır. Mən uşağı ailə qurmadan dünyaya gətirən, tək böyüdən qadınları da qınamıram. Həyatdır, hər şey ola bilər.
O gün bir informasiya qarşıma keçdi. Deməli, Türkmənistana qadınlara saça rəng qoymaq, rəngli dırnaqlar etdirmək qadağası, Amerikada abort qadağası və s. Belə başa düşürəm ki, bütün dünyada belədir, qadın zorlananda belə deyirlər ki, günahkar qadındır. Hətta onu da deyim ki, ilk dəfə sərgi açmaq istəyirəm. Adı “Nə geyinmişdinsə…” olacaq. Avropada və Amerikada bu tip sərgi olmuşdu, istəyirəm Azərbaycanda da olsun. Qadınlar təcavüzə, zorakılığa məruz qalanda deyirlər ki, nə geyinmişdinsə, elə oldu. Bu nə düşüncədir? Mən lap lüt gəzsəm də, heç kimin haqqı yoxdur mənə hücum etsin. Qanunda da var. “Kiminsə kişisi mənə baxmasın deyə qapalı geyinməliyəm? Yolun solundan gedim ki, filankəsin kişisi mənə baxmasın” – deyə düşünənlər var. Yəni hər şeyi qadının üstünə atmaq düzgün deyil. Sanki o kişilər şorgöz deyil, sanki günahsızdılar. Hərdən səhnədə olanda qadınlar məni ərlərinə qısqanırlar(gülür).

– Bir az da itkilərinizdən danışaq. Həyatda hansı itkiləri unuda bilmirsiniz?

– Mahnıları daha yaxşı ifa etmək üçün hissiyyatın güclü olmalıdır. Məsələn, heç vaxt sevməyən, yaşantısı dərin olmayan insan məncə həqiqətən oxuya bilməz. Qəmgin mahnı oxuyanda yaşadığım acıları hiss edib oxuyuram. İtkilərim olmasaydı, mən belə oxuya bilməzdim. Ən böyük itkim atamdır, atamı 12 yaşımda itirmişəm. Daha sonra nənəmi. Nənəmdən sonra ən böyük itkim itim oldu, 12 yaşında öldü. Hər bir itki həyatımızda iz buraxır. Bir tərəfdən fikirləşirəm ki, hamımız orada görüşəcəyik, o biri tərəfdən fikirləşirsən ki, bəlkə o tərəfdə heç nə yoxdur. Bu, məni üzür. Ümid etmək istəyirəm ki, biz yenə də görüşəcəyik. Reinkarnasiyaya çox inanıram. Nənəmin ruhunu həmişə hiss edirəm yanımda. Hətta boşananda mən sıfırlanmışdım, pulsuz qalmışdım. Keçmiş ərim Türkiyə vətəndaşı olduğu üçün orada bərabər böyük bir ev tutmuşduq. Biz ayrılanda o çıxıb getmişdi və öz kirayə pulumu verə bilmirdim. Çox üzgün idim, çox vaxt oturub ağlayırdım. Yatdım və yuxuda nənəmi gördüm. Haradasa oturmuşduq, nənəmə tərəf üzümü döndərdim. Əlini dizimin üstünə qoyub mehribancasına mənə gülümsədi. Səhər oyandım, iş üçün zəng gəldi və həmin iş bütün borclarımı bağlayacaq qədər pul gətirdi mənə. Amma nəyisə düz etməyəndə yuxuma girib acıqlı sifətlə baxır. Nənəm mənə çox dəstək olub, onun adını daşıyıram.

– Bir bakılı kimi mətbəxlə, biş-düşlə aranız necədir?

– Mən əslində hər yerdə deyirəm ki, bacarmıram, yemək bişirə bilmirəm. Yemək yeməyi çox sevirəm. Ən sevimli yeməyim qutablardır. Nənəm aşpaz idi, o qədər dadlı bişirirdi ki, heç nədən nəsə yaradırdı və çox dadlı alınırdı. Amma mən də az bir şey bişirsəm, deyirlər əlinin duzu var (gülür). Sevdiyim adam istəsə, onun üçün çox şey bişirərəm, evdar olaram bir sözlə. Dəyişkən insanam, bəlkə də bir gün bu, ola bilər. Bir gün sənətdən gedib özümü ailəmə, uşaqlarıma həsr edə bilərəm.

– Haqqınızda deyilən və sizi təəccübləndirən ən böyük şayiə nədir?

– Tez-tez eşitdiyim şayiələr var – lezbiyan deyirlər, amma bu, məni qıcıqlandırmır. Ətrafımda çoxlu homoseksual dostlarım var və mən onların hisslərinə hörmətlə yanaşıram. Amma mən onlar kimi deyiləm. Onlar mənə deyirlər ki, sən niyə narahat olursan? Danışsınlar da. Deyirəm niyə narahat olmayım ki? Kişilər mənə yaxınlaşmağa ehtiyat edir, qaçırlar. Mənə kişilər maraqlıdır. Əslində sevinirəm ki, insanlar mənim haqqımda fərqli-fərqli şeylər danışsın.

– Sizcə, insanlar niyə sizi lesbiyan adlandırır?

– “YouTube”da yayımlanan verilişə model Səmra Hüseynova ilə birgə qatılmışdıq. Onu da deyim ki, çox dəcəl qızam, sakit dayanmıram bir yerdə. Ona qıraqda dedim ki, Səmra, çox sıxıcı keçir, gəl, nəsə edək. Verilişdə dedim ki, hər kəs soruşur ki, Səmranın sinəsi silikondur, yoxlayım, görüm elədir? Razılaşdı, dedi bax. Mən də əl vurdum, dedim silikon deyil, dostlar. Bu, gündəmə düşdü, söz-söhbət yaratdı. Yəni mən nə lesbiyanam, nə də biseksual. Şou yaradan biriyəm, insanların beynini işlətmək, manipulyasiya etmək istəyirəm. Məsələn, foto çəkdirəndə əlimi müxtəlif yerlərə qoyuram ki, fərqli görünüm. Deyə bilmərəm həmcinslərimi – qadınları sevmirəm, bu, onları qəzəbləndirər. Elə başa düşülər ki, özümü, qadınlığımı sevmirəm. Gözəl vücudlu, özünü inkişaf etdirən, müasir düşünən, öz işini özü görən, heç kimin sözü ilə oturub durmayan qadınları sevirəm. Qadınlara dəyər vermək, dəstək olmaq lazımdır.
“İsti-isti” klipini çəkəndə qızlara dedim ki, hazırsınız? Dördümüzə də deyəcəklər lesbiyandılar, pozğundular və s. Şərhlərdə də elə yazıblar ki, pozğun yığıncağıdı, lesbiyanları yığıb başına (gülür). Heç dəxli var? Birazdan deyəcəklər dənizdə xalatda, kostyumla çimin.

– Planda xarici ölkələrdə layihələr olacaq?

– Qabaqcadan heç nə demək istəmirəm, amma kiçik addımlar var. Ola bilsin Amerikaya getdim, iş üçün təkliflər çoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu