Məhkəmə “Şlyapa Zahid”in işinə baxdı
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) əvvəlki hökmündən verdiyi şikayətə baxılıb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmədə İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevin barəsindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z. Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilib.
Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan “N” saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan mərhum edilib.
İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.
Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması aparılır.
Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |