Mətbuat Şurası Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb.
Metbuat.az xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycanın müasir dövr jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Araz Hidayət oğlu Zeynalov. 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
A.Zeynalov mənalı ömür yaşayıb. Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı, sözün məqamını daim uca tutması olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb.
A.Zeynalov çalışdığı “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında özünəməxsus peşəkarlıq dəst-xətti ilə seçilməklə yanaşı, bu media orqanlarında fəaliyyətə başlamış gənc həmkarları üçün örnəyə, etalona çevrilmişdi. Onlara praktik müstəvidə peşənin sirlərini öyrətmiş, jurnalistikanın məziyyətlərinə qatlaşmağı, incəliklərini nəzərə almağı zövq işi kimi aşılamışdı.
Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan, düşüncələrdə canlı məktəb kimi qalan A.Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük.
Allah rəhmət eləsin!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.