Media Müxtəlifliyi İnstitutu
BEY.AZ informasiya agentliyi xəbər verir
Media Müxtəlifliyi İnstitutu
The Media Diversity Institute
www.media-diversity.org
Təşkilatın missiyası
Media Müxtəlifliyi İnstitutu ( MDİ) Balkan müharibələrinin nəticəsi kimi meydana gəlib. Təşkilatın icraçı direktoru Melica Pesic 1980-cı illərin sonu,1990-cı illərin əvvəllərində Serbiyanın dövlət Televiziyasında fəaliyyət göstərib. Serbiya rejiminin müharibəni təbliğ etməklə bağlı göstərişlərini yerinə yetirməyib. Medianın müxtəlif etnik qruplar arasındakı gərginliyi alovlandırmasına etiraz edib. Bu səbəbdən də işindən qovulub. Buradan aldığı ideyaya uyğun olaraq Media Müxtəlifliyi İnstitutunu təsis edib.
MDI Böyük Britaniyada qeydiyyatdan keçmiş və burada fəaliyyət göstərən təşkilatdır. Mərkəzi ofisi London şəhərində yerləşir.
Media Müxtəlifliyi İnstitutu öz işinə Balkanlarda, Rusiyada və Cənubi Qafqazda jurnalistlərə təlimlər keçməklə başlayıb. Əsas hədəfi münaqişələrin yaratdığı yaraları sağaltmaq üçün mediadan istifadə etmək barədə bilgilər vermək olub. Amma sonradan öz auditoriyasını və hədəflərini genişləndirib. Təşkilatın məramnaməsində bu barədə deyilir: “Biz başa düşdük ki, problem təkcə münaqişədən yazan jurnalistlərdə deyil. Jurnalistlər dünyanı təkbaşına dəyişə bilməzlər. Biz mediada qərarverici şəxslərlə danışmağa başlamalıyıq. Medi maqnatları və redaktorlar müxtəliflik haqqında hekayələri bilməli, onun vacib olduğunu anlamalıdırlar. Marginal icmalarla sıx əməkdaşlıq edən jurnalistlər qrupu, media maqnatları və redaktorlar yetişdirməklə biz vətəndaş cəmiyyətinə ciddi töhvələr verə bilərik”.
Fəaliyyət istiqamətləri
Media Müxtəlifliyi İnstitutu hesab edir ki, cəmiyyətdəki problemlərin, münaqişələrin bir qismi mediada müxtəliflik prinsipinin pozulmasından yaranır: “İrq, din və etnik müxtəliflikdən tutmuş cinsə, yaşa və qabiliyyətə qədər hər mövzuda müxtəliflik mövcuddur. Media bu mövzulara uyğun yanaşmağı bacarmalı, kimsəni ayrıseçkiliyə məruz qoymamalıdır. Biz bu məsələlərə əhəmiyyət verən və ya əhəmiyyət verməli olan hər kəslə əlaqə saxladıq. Təlimlərimizə perspektivli jurnalistləri cəlb etdik və onlarla öz ölkələrindəki müxtəliflik haqqında söhbətlər etdik. Təlimlərə cəlb etdiyimiz jurnalistlərə müxtəliflik mövzusunda hekayələr yaratmaq üçün praktiki vərdişlər aşıladıq”.
Fəaliyyət göstərdiyi 20 il müddətində MDI Yaxın Şərq və Şimali Afrikaregionlarında, Cənub-Şərqi Asiyada, Sub-Sahara Afrikasında, Kubada işləyib. Bu regionlarda jurnalistlərə təlimlər keçib. Azlıqlar haqqında daha yaxşı reportaj hazırlamaq, vətəndaş cəmiyyəti fəallarına KİV-ə çıxış imkanı vermək, onların fikirlərini KİV-lərdə dərc etmək barədə vərdişlər yaradıb.
Media Müxtəlifliyi İnstitutu Avropa Komissiyasının 2007-ci ildə apardığı araşdırmaya istinad edərək bildirir ki, media cəmiyyətdə valideynlər və məktəblərdən sonra üçüncü ən təsirli tərbiyyələndirici qüvvədir. Bu baxımdan cəmiyyətlərdə tolerantlıq prinsiplərinin qorunmasında medianın da rolu vardır: “Müxtəliflik mövzusu çox vaxt siyasi qəraralara görə deyil, jurnalistlərin bu mövzunu təsvir etmək üçün lazımi biliklərə malik olmadıqlarına görə zəif işıqlandırılır. Etnik və dini nifrət toxumları səpən Balkan müharibələri, Ruanda soyqırımı, Suriyada vətəndaş müharibəsi, Avropa və ABŞ-da miqrant və qaçqınlar barədə yazılan yazılarda biz bu boşluğu hiss edirik”. MDİ bu cür halların qarşısını almaq, boşluqları aradan qaldırmaq üçün təlimlər keçən ixtisaslaşmış media qurumudur.
Media Müxtəlifliyi İnstitutu son illərdə onlayn mühitdə ifadə azadlığını qorumaq, nifrət nitqinin və dezinformasiyanın yayılmasının qarşısını almaq üçün proqramlar hazırlayır. Bu yöndə böyük texnologiya şirkətləri ilə işləyir. MDİ dövrümüzün ən aktual sualları üzrə müzakirələr təşkil edir. İnternetdən və sosial mediadan müxtəlifliyin faydası üçün istifadə etmək qaydalarını araşdırır. Təlimlərdə nifrət nitqinə, dezinformasiyaya qarşı çıxmaq üsulları da öyrədilir. Media və informasiya savadlılığı üzrə təhsil verir. MDİ-ni dünyada mövcud olan digər beynəlxalq statuslu jurnalist təşkilatlarından fərqləndirən spesifik xüsusiyyəti də məhz budur. O öz işini daha çox təlim və tədris üzərində qurub.
2011-ci ildən etibarən Londonun Vestminster Universitetinin Media və Kommunikasiyalar Departamenti ilə əməkdaşlıq edərək mediada müxtəliflik problemlərinə həsr edilmiş Magistr kurrikulumunu işə salıb. Bir illik proqram ərzində tələbələr müxtəliflik mövzusunda nəzəri bilgilər əldə edirlər. Çap, radio, televiziya və onlayn media istehsalı üzrə praktiki təlimlər keçirlər.
Strukturu və əməkdaşlıq meyarları
Media Müxtəlifliyi İnstitutu (MDI) Direktorlar Şurası və İcraçı direktor tərəfindən idarə edilir. Londondakı mərkəzi ofisiyerli ofislərin icra etdiyi layihələrə nəzarət edir.
Təşkilat ilk dövrlərdə öz işini əsasən Cənubi Şərqi Avropada qurub. Sonradan fəaliyyətini genişləndirib. Avropada, keçmiş Sovet ölkələrində çalışmaqla yanaşı, Afrikanın Sub-Sahara bölümündə (Afrikanın ərəblər olmayan hissəsi), Şimali Afrikada, Yaxın Şərqdə, Cənubi Şərqi Asiyada fəaliyyət göstərir, layihələr icra edir.
Dünaynın bir sıra qaynar nöqtələrində başladığı işi Qafqaz regionunda icra edib. 2003-2006-cı illərdə Azərbaycan, Ermənistan və Gürcüstanda “Mübahisəli ərazilərdə medianın təlimatlandırılması, azadlıqların gücləndirilməsi”, “Cənubi Qafqaz regionunda etnik və digər qrup azlıqlarla bağlı məsələlərin mediada işıqlandırılmasının təkmilləşdirilməsi” adlı layihə icra edib. Ermənistan, Azərbaycan və Gürcüstan jurnalistlərini vahid şəbəkədə birləşdirməyə səy göstərən ilk təşkilatlardandır.
Article-19-un əməkdaşlığı ilə “Azərbaycanda söz azadlığının və media imkanlarının artırılması” adlı layihə icra edib. Fəaliyyətinin əsas hissəsi Azərbaycan, Ermənistan və Gürcüstan jurnalistlərinin şəbəkəsini formalaşdırmağa yönəlib.
Maliyyə mənbələri: Niderland Xarici İşlər Nazirliyi, Avrasiya Fondu, Avropa Komissiyası, Avropa Mədəni Fondu, IREX, Açıq-Cəmiyyət İnstitutu, Böyük Britaniya Beynəlxalq İnkişaf Departamenti, BMT Qaçqınlar üzrə ali komissarı (UNHCR), BMT İnkişaf Proqramı (UNDP), Westminister Demokratiya Fondu.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.
Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.
Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.
Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.