MEDİA və ASCO jurnalistlər üçün təlim keçirib
BEY.AZ informasiya agentliyi xəbər verir
Medianın İnkişafı Agentliyinin (MEDİA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.
Metbuat.az xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib.
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib.
Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.
İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Yekunda iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.
Təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikatlar təqdim olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.