fbpx

Milli Məclis xarici ölkələrin parlamentlərinə müraciət etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində mövcud olan vəziyyətlə bağlı beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

Müraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir daha vurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılıb.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.

Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan “Laçın dəhlizi” adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib. Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10 000-ə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib.

Müraciətin mətnində deyilib ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurub ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olub.

Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarılmamış silahlı qüvvələrini təmin etmək və saxlamaq, eləcə də Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla çıxarmaq üçün vasitələrdən məhrum olmaq reallığı ilə barışa bilməyib, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq kampaniyasına başlayıb.

Xüsusilə qeyd olunub ki, Ermənistanın Azərbaycanın Laçın sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 6 iyul 2023-cü il tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd edib.

Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı qruplaşmalarını təchiz etmək məqsədilə ikili təyinatlı bəzi malları qaçaqmalçılıq yolu ilə keçirmək üçün BQXK-nın konvoylarından istifadə etmək inadkarlığına və ehtiyatsız cəhdlərinə baxmayaraq, Azərbaycan təcili tibbi yardım məqsədilə yerli erməni sakinlərinin Ermənistana keçidini asanlaşdırmağa davam edir. Qaçaqmalçılığa gəlincə, BQXK-nın humanitar mandatına və reputasiyasına xələl gətirən bu həyasız hərəkət təşkilat tərəfindən açıq şəkildə etiraf edilib.

Ermənistanın barışmazlığı fonunda Azərbaycan öz digər bölgələrindən Qarabağ bölgəsinə humanitar yüklərin daşınması üçün Ağdam üzərindən Xankəndinə gedən şimal yolu kimi alternativ və daha qısa yollardan istifadə etmək üçün BQXK ilə əməkdaşlığı intensivləşdirib.

Müraciətdə vurğulanıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident Əliyevlə Baş nazir Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair ictimai çıxışında Qarabağ sakinlərinin əsas ehtiyaclarının adekvat şəkildə ödənilməsini təmin edən komponent qismində Ağdam-Xankəndi marşrutundan mühüm marşrut kimi istifadəni təşviq edib.

Birinci halda, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə BQXK tərəfindən humanitar yüklərin çatdırılmasına imkan vermək üçün Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadəsinə qoyduğu beton bloklar və bütün digər fiziki maneələr götürülməli idi. Bunun ardınca 24 saat ərzində BQXK tərəfindən Laçın yolundan istifadənin intensivləşdirilməsi aparılmalı idi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idi.

İkinci halda, Azərbaycanın Yevlax şəhərində Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri ilə görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Təəssüf ki, revanşist əhval-ruhiyyə ilə idarə olunan və normallaşma prosesi çərçivəsində öhdəliklərdən yayınan Ermənistan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq qurulmuş kukla rejimi vasitəsilə son anda hər iki razılaşmadan geri çəkilib, siyasi motivli və qanunsuz ilkin şərtlər, həmçinin müxtəlif bəhanələr irəli sürüb.

Ona görə də bu kritik mərhələdə beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiya və dezinformasiya cəhdlərini rədd etməklə bağlı yüksək məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistanı daha da ruhlandırmaq əvəzinə, onu Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərinə son verməyə, onun daxili işlərinə qarışmaqdan çəkinməyə və münaqişədən sonrakı normallaşma danışıqlarında vicdanla iştirak etməyə məcbur etməlidir.

Son dərəcə vacibdir ki, Ermənistan regionda onsuz da kövrək olan sülh şəraitini yenidən pozmaq üçün beynəlxalq platformalardan və institutlardan istifadə etməkdən çəkinsin.

Müraciətin sonunda azərbaycanlı parlamentarilər tərəfindən xarici həmkarlarının qərəzsiz və ədalətli mövqe nümayiş etdirəcəklərinə, Ermənistanın təbliğatını rədd edəcəklərinə, obyektivliyə, həqiqətə, beynəlxalq hüquqa söykənən davranış sərgiləyəcəklərinə ümid ifadə olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclis #xarici #ölkələrin #parlamentlərinə #müraciət #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu