Müharibədə zərər çəkənlərə yardım göstərən türkiyəli mütəxəssislər mükafatlandırıldı
Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım həyata keçirmiş türkiyəli və yerli mütəxəssislər mükafatlandırılıb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar və FHN-in bir qrup psixoloqu yüksək səviyyəli xidmətlərinə görə medal və fəxri fərmanlarla təltif ediliblər.
Fövqəladə Hallar Nazirliyində keçirilən təltifetmə mərasimində iştirak edən nazir Kəmaləddin Heydərov göstərdikləri xidmətlərə görə türkiyəli və yerli psixoloqlara təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş ölkədən gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə 2021-ci ilin yanvar ayından ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində 4000 nəfərə yaxın vətəndaşa, o cümlədən 430-a qədər uşaq və yeniyetməyə ümumilikdə 9500 seans psixoloji yardım göstərilib.