Mütəşəkkil dəstə üzvlərindən 76 kq narkotik götürülüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nərinmanov rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və 1 ədəd narkotik vasitələrin satışı zamanı qeydlər apardığı dəftər aşkar olunub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əlavə təxirəsalınmaz əməliyyat tədbirləri zamanı narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov Bakı şəhəri ərazisində saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ədəd ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkar olunub.
Sonuncu əməliyyatlar zamanı saxlanılan 4 nəfərin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas fiqurlar olublar. Beynəlxalq narkoşəbəkənin ölkə ərazisində dayaqları olan Nazim Zeynalov, Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov paytaxt, eləcə də bölgələrdə narkotik vasitələrin satışını təşkil edən narkokuryerlərdən ibarət mütəşəkkil dəstə yaradıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.