“Nazir oğlunun bankını araşdırırdım, dedilər üzr istə, sərbəst burax”
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi davam edir.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ötən prosesdə ifadələr dinlənilib.
Vüsal Ələkbərov deyib ki, “Texnikabank”ın sədri Etibar Əliyev və onun qohumlarından hədə-qorxu ilə pul almaları doğru deyil: “Mən Mövlam Şıxəliyevə yox, Azərbaycan Respublikasına xidmət etmişəm. Azərbaycanın Avropa Şurasına qəbul olunmasında şəxsən böyük xidmətlərim olub. ABŞ-nin Tanzaniyadakı səfirliyinin partladılmasına rəhbərlik etmiş şəxsin həbsində də şəxsən iştirak etmişəm. Mənim həbsim xarici xüsusi xidmət orqanlarının səyi nəticəsində olub. Etibar Əliyev Baş Prokurorluqakı tanışları hesabına, pulu hesabına bizə ittiham verdirdi. Biri gəlib deyir ki, qoyunlarımı satdım, 600 min verdim. Sənin işini kim aparıb get onunla dava elə də, mənimlə niyə dava aparırsan?”
Sahib Ələkbərov isə 2012-ci ildə Bakıda mobil texnologiyalar şirkətinin 4 vəzifəli şəxsini tutmasından danışıb: “Rüstəm Usubova (keçmiş Baş prokurorun birinci müavini – red.) məruzə elədim, istintaq təcridxanasına təhvil verib getdim evə. Səhər mənə zəng gəldi ki, Baş prokuror Zakir Qaralov, köməkçisi Elmar Camalov, müavini Rüstəm Usubov və MTN naziri Eldar Mahmudov kabinetdə gözləyirlər. Dedilər ki, dünən tutduğun adamları təcili azad elə. Onların buraxılması barədə qərarı Mövlam Şıxəliyevin imzası ilə istintaq təcridxanasına, bir nüsxəsini isə Baş Prokurorluqda Elmar Camalova verdim. O dedi ki, “Zakir Qaralov tapşırıb ki, bu şirkət barədə araşdırmanı dayandır. Zakir Qaralovun icazəsi olmadan hər hansı bir bankda istintaq aparmaq olmaz”. Bir dəfə bir bankın 1 milyon manatlıq çekini araşdırırdım. Bankın idarə heyətinin 3 üzvündən birini dindirdim. Çoxsaylı zənglər gəlməyə başladı. Nazirlərdən birinin oğlunun bankı idi. Dedilər, araşdırmanı dayandır, dindirdiyin şəxsdən üzr istə, sərbəst burax. Mən də üzr istəyib həmin şəxsi sərbəst buraxdım. Yəni mənə hansı iş tapşırılıb, onu araşdırmışam”.
Fotoda: Sahib Ələkbərov
Zərərçəkmiş Qulam Bağırov söz alaraq bildirib ki, vaxtilə Azərbaycanının ən böyük tikinti şirkəti olan “AzərTunel”də maliyyə işləri üzrə müdir olub. S.Ələkbərov isə təşkilatın 100 milyonlarla manat dövriyyəsi olduğunu müəyyən edəndən sonra bu barədə Mövlam Şıxəliyevə məruzə edib ki, Qulam Bağırovu tutmaq lazımdır: “Məni tutdular. Buraxılanda qardaşım bildirdi ki, azad olunmağına görə mənzilin, avtomobilin, bütün yaxın qohumların zinət əşyaları satılıb, üstəlik də dostlardan və qohumlardan külli miqdarda borc almışıq ki, sən azadlığa çıxasan. Bundan sonra Sahib Ələkbərov barəmdəki saxta ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi. İlk iclasda məhkəmə katibi dedi ki, “sən hər dəfə bura gəlmə, sənlik burda bir iş yoxdur, özümüz məhkəmənin sonunda çağırağıq”. Elə də oldu, katib hökm elan olunan gün məni məhkəməyə çağırdı. Şərti cəza verdilər. Məhkəmədən sonra katib dedi ki, “çaşıb apelyasiya şikayəti verərsən, yazıqsan, MTN-lə özünü düşmən eləmə”. Katibin dedikləri sıradan sözlər deyildi. Başa düşürdüm ki, şikayət versəm, ağır cəzaya məhkum oluna bilərəm. Ona görə də oturub MTN-dəki quldur yuvasının dağılmasını gözlədim.
Mən buradan Mövlam Şıxəliyevə sual verirəm, niyə vəkil Elçin Qəmbərovdan 510 min manata görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, siz 510 min manat pul itkisi ilə heç cür razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satırmaqla aldığınız pullar dəyərli deyil?!”
Daha sonra zərərçəkən, iş adamı Hüseyn Səfərov çıxış edib. O deyib ki, 2008-ci ilin oktyabrında saxlanılıb və buraxılması üçün 1 milyon manat istəyiblər: “Gördülər, 1 milyona razıyam, qaldırdılar 3 milyona. Axırda 2 milyona razılaşdılar. Mövlam Şıxəliyev buraxıldığım gün mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Oğlum pulu idman çantasında gətirmişdi. Vüsal Ələkbərov gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Bir evim var idi, onu da 300 minə satdırıb pulu aldılar. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram.
Həbsdən azad ediləndən sonra da məndən əl çəkmədilər. Bir dəfə Vüsal zəng edib dedi ki, Mövlam Şıxəliyevin ad günüdür. İki ədəd “Vertu” telefonu alıb verdim. Üstündən bir müddət keçəndən sonra dedi ki, Mövlam Şıxəliyev general rütbəsi alıb, hədiyyə gətir. Mən də 21 min dollara saat alıb aparıb otağında özünə verdim. Onun otağını “su yolu”na döndərmişdim.
Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı?”
Fotoda: Mövlam Şıxəliyev
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev vəkili vasitəsilə ona şikayətini geri götürmək üçün “Çobanbulaq” İstirahət Mərkəzinin yarısını təklif edib: “Dedi ki, götür, Akif Qurbanovla bölərsən, razılaşmadım. Bu qədər var-dövləti Mövlam Şıxəliyev haradan alıb? Bunların əllərində olan pullar mənim övladlarımın evlərinin pullarıdır, mənim kimi adamlardan alınan pullardır. Məhkəmə dövründə Mövlam Şıxəliyev mən də daxil olmaqla bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. 2 dəfə Eldar Mahmudovla görüşmək üçün bağına getmişəm. Eldar Mahmudov deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir. Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı”.
Digər zərərçəkən Əfsəl Həsənəliyev də qanunsuz həbs olunduğunu deyib: “Cavan yaşımda 1 milyon manata yaxın vəsaitim vardı. Sədərək bazarında fəhləlik edə-edə qəpik-qəpik yığıb özümə iş qurmuşdum. Çindən oyuncaq alıb illərlə Azərbaycanda satmışam. Beləcə dükan açmışam. Günlərin birində də pirotexnika işinə girdim. Çindən pirotexnika alıb Azərbaycana gətirmək istəmişəm. Lakin biləndə ki, burada satışı qadağan olunub, İranda satmaq qərarını verdim. Bunlar Azərbaycandan tranzitlə keçən malı zorla əlimizdən alıb qaçaqmal elan ediblər. Halbuki mal İrana gedirdi. Bunlar məni qanunsuz həbs etməklə elə vəziyyətə salıblar ki, indi heç bir işin dalınca gedə bilmirəm. Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə dükanım, maşınım, evim əlimdən çıxdı. Malımı da götürüb özləri satıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyev 26 min pul aldı, mənə 3 il şərti iş verdi. Sonradan mənim 26 min manatımı qaytardı, üstündə də 5 min manat verdi ki, 7 ay məhkəməyə gedib-gəlmisiz, bu da sizin yol pulunuz. Sonra da dedi ki, “get şikayət ver, sənə bəraət verilməlidir. Mən sizə bəraət verə bilmədim. Çünki sağım da, solum da MTN-ə işləyirdi”. Mənim malımı MTN-dən kim çıxarıb, hara aparıblar, tapmışam. Əlimdə faktlarım var. Bunlar MTN-lə əlaqəsi olan adlardır. Prokurorluğa mallarımın anbarda şəkillərinə qədər təqdim etmişəm”.
Fotoda: Keçmiş MTN
Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Ötən ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Generalın 7,7 milyon manatlıq əmlakı müsadirə edilib. Qərardan apellyasiya şikayəti verən MTN-çilərin məhkəməsi davam edir.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazir #oğlunun #bankını #araşdırırdım #dedilər #üzr #istə #sərbəst #burax