Nazirlik taksi xidməti ilə bağlı tələblər irəli sürdü
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
BEY.AZ bu barədə nazirliyin məlumatına istinadən xəbər verir.
Məlumata görə, görüşdə nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.
O qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşıma həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifariş ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlardan daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılırlar.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |