fbpx

Neft bazarında dalğalanmaların Azərbaycan iqtisadiyyatına təsiri

Rüya Yorumları burda


Qısamüddətli sabitlikdən sonra birjalarda yenidən qiymətlərdə dalğalanma müşahidə edilməyə başlayıb. Son məlumatlara görə, “Brent” markalı neftin bir bareli bəzi günlərdə hətta 70 dollardan aşağı enib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları olaraq hesablanıb.

Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Bu rəqəm 2024-cü illə müqayisədə 5 dollar azdır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenarisində neftin bir barelinin orta illik ixrac qiyməti 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Neft bazarının gələcəkdə hansı ssenarilərlə üzləşəcəyi barədə BEY.AZ-a açıqlama verən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, 2025-ci ildə neftin qiyməti ilə bağlı fərqli proqnozlar mövcuddur:


“Neft bazarında volatilik var. Bu volatiliyin nəticəsində neftin bazar qiymətində müəyyən dövrlərdə həm azalma, həm də artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 75 dollara təklif olunur. Bu da “Azeri Light” markalı neftin təxminən 77 dollara satılması deməkdir. Bir müddət öncə neftin bazar qiyməti hər barel üçün 70 dollara yaxınlaşmışdı. Bu isə neft bazarında siyasi faktorların önəmli olduğunu göstərir. Siyasi faktorlar praktiki olaraq neft bazarına və neftin qiymətinə təsir edir”.

Rüya tabirlerini burdan oku

Dünya neft bazarında dəyişən qiymətlərin Azərbaycan iqtisadiyyatına təsirləri barədə danışan Vüqar Bayramov hesab edir ki, bu, hər hansı bir çağırış yaratmır:

“Neftin dünya bazar qiyməti Azərbaycan üçün vacibdir, çünki ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir edir. Mövcud qiymət həm fiskal gəlirlərimizi formalaşdırmaq, həm də valyuta ehtiyatlarımızı artırmaq baxımından yetərli hesab olunur. Buraya təsir edən siyasi faktorlar da mövcuddur. 2025-ci il üçün beynəlxalq təşkilatların proqnozları, qiymətin mövcud səviyyə ətrafında dəyişməsi ilə bağlıdır. Buna görə də əgər neftin qiyməti indiki səviyyədə qalarsa, 2025-ci ildə hər hansı çağırış yaratmayacaq”.

Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft və qaz sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektorunda ümumi iqtisadi artım da ön plana çıxmaqdadır. İqtisadçı, maliyyə analitiki Orxan Məmmədzadə BEY.AZ-a bildirib ki, Azərbaycanda sənaye sektorunun inkişafını təhlil edərkən bu sahənin roluna xüsusi diqqət yetirmək vacibdir. Orxan Məmmədzadənin fikrincə, sənaye sahəsində yerli məhsulların istehsalı üzrə yeni iş yerlərinin açılması və daxili tələbatın yerli istehsal vasitəsilə qarşılanması ölkə iqtisadiyyatının dayanıqlılığını artıran mühüm göstəricilərdən biridir. Müsahibimiz qeyd edib ki, Azərbaycanda növbəti ilin iqtisadi təhlilini apararkən mövcud sənaye sektorunun inkişafına xüsusi diqqət yetirilməlidir:


“Yüksək səviyyəli sənaye istehsalının genişlənməsi iqtisadi sabitlik və rəqabətqabiliyyətli məhsul istehsalına töhfə verir, eyni zamanda xarici bazarlara çıxış imkanlarını genişləndirir. Yerli məhsulların istehsalında yeni iş yerlərinin açılması və daxili tələbatın yerli istehsal vasitəsilə qarşılanması, iqtisadi mexanizmlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünyadakı iqtisadi trendləri nəzərə alsaq, Azərbaycan bu gün investisiya və biznes qurmaq üçün təhlükəsiz məkan kimi qəbul edilir. Xarici investorların ölkəmizdə yerli istehsal səviyyəsində bizneslərini inkişaf etdirməsi buna nümunədir. Beynəlxalq ticarətin tənzimlənməsi üçün burada geniş imkanlar mövcuddur. Həm yerli valyutanın uzun müddət sabit qalması, həm də qonşu ölkələrlə yaxşı iqtisadi və siyasi əlaqələrin mövcudluğu Azərbaycan vasitəsilə ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün müsbət amillərdir. İqtisadiyyatın güclü və dayanıqlı olması üçün sahibkarlığın inkişafı vacib şərtlərdən biridir. Sahibkarlığın inkişafını dəstəkləyən amillərə texnoloji parkların yaradılması, dövlət tərəfindən ayrılan subsidiyalar və startap layihələrinə tətbiq olunan vergi güzəştləri daxildir. Bu, yeni bizneslərin yaranmasına da müsbət təsir göstərir.”

Qeyri-neft sektorunu təhlil edərkən Orxan Məmmədzadə qeyd edib ki, kənd təsərrüfatı sahəsində yerli məhsulların ixracı xarici valyutanın ölkəyə daxil olması ilə nəticələnir və uzunmüddətli sabit valyuta siyasətinə dəstək verir.

Strateji əhəmiyyət daşıyan məhsulların dövlət subsidiyaları sayəsində sabit qiymətdə qalması və inflyasiyadan qorunması əhalinin bu məhsullara əlçatanlığını təmin edir.

Orxan Məmmədzadə hesab edir ki, kiçik və orta bizneslərin inkişafı məqsədilə alternativ investisiyaların cəlb edilməsi və dayanıqlı biznes mühitinin yaradılması üçün səhmlərin daxili birjada alınıb-satılması mexanizmlərini tətbiq etməyin vaxtı çatıb. O qeyd edib ki, bu üsul xarici ölkələrdə sahibkarlığın stimullaşdırılması və maliyyə dövriyyəsinin tənzimlənməsi üçün geniş şəkildə istifadə olunur:

“Növbəti illərdə dövlət tərəfindən ayrılan subsidiya və dotasiyaların davamlı şəkildə tənzimlənməsi və yeni istehsal sahələrinin inkişafı üçün şəraitin yaradılmasına ehtiyac var. Cari ildə bank kreditləşməsi faizlərinin artımını müşahidə etmiş olsaq da, Azərbaycandakı kredit faizi artımı qlobal gedişat əsasında inflyasiya artımı göstəricilərinə uyğun olaraq tənzimlənir. Qonşu ölkələrdə kredit faizinin artımını isə daxili valyutanın stabil olmaması ilə əlaqələndiririk. Bu səbəbdən kreditləşmə göstəricilərində Azərbaycana nisbətən qat-qat yüksək artım müşahidə olunur.

Növbəti ildə kredit faizlərində artım gözlənilsə də, daxili iqtisadiyyatın tənzimlənmə mexanizmləri qlobal iqtisadi trendlərdən asılı olaraq dəyişikliklərə uyğunlaşdırılacaq.

Bu səbəbdən iqtisadi sabitliyin qorunması gözlənilir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, paytaxtın yükünün bölgələr üzrə bölüşdürülməsi əhəmiyyətli bir addımdır. Gələn il bu ərazilərdə sahibkarlığın inkişafı ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu sahədə yeni texnoloji parkların yaradılması, yeni layihələrə vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatı və digər sahələrdə dövlət tərəfindən subsidiyaların ayrılması mühüm amillər sırasındadır”.

Gülbəniz Hüseynli / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.









ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu