“Oğul” filmini çəkən rejissor Balasanyandan danışdı
“Fotodakı şəxsin kimliyi birbaşa erməni müharibə veteranları tərəfindən aşkarlanıb, yəni ona qədər şəxsin Balasanyan olduğunu azərbaycanlılar tanımayıb. Balasanyanı sırf öz əsgərləri tanıyıb və etiraf edib”.
BEY.AZ xəbər verir ki, bunu “Oğul” sənədli filminin rejissor-ssenaristi Karan Sinqhin APA-ya müsahibəsində deyib. O qeyd edib ki, Balasanyanın dindirilmədə iştirak etdiyini sonradan biliblər:
“Əgər siz filmin çəkilmə prosesinə nəzər salsanız, görərsiniz ki, biz ilk olaraq, işğal olunmuş Qarabağ ərazisinə getmişik. Hansı ki həmin ərazilər hələ o zaman Ermənistanın nəzarəti altında idi. Biz Xankəndiyə getdik və Vitali Balasanyanla müsahibəni razılaşdırdıq. O zaman Balasanyan komandir idi. Bizi Balasanyanla müsahibəyə aparan məhz bu amil idi: Balasanyanın regionu yaxşı bilməsi, bütün müharibə prosesinə yaxından bələd olması. Yəni demək istədiyim odur ki, biz Xankəndiyə gedərkən Balasanyanı ittiham etmək üçün getməmişdik, çünki onu ittiham edəcək heç bir dəlilimiz və şübhəmiz yox idi. Amma, yenə də filmdən də gördüyünüz kimi, ondan sonrakı müsahibələr, müharibə iştirakçılarının dedikləri ona əsas verdi ki, Balasanyan prosesdə şəxsən iştirak edib, yəni müsahiblər onu tanıdı, fotodakı şəxsin Balasanyan olduğunu etiraf etdilər. Sizin dediyiniz “üstünə getmək” məsələsini biz bundan sonra edə bilərdik. Yəni yeri yaranan suallara cavab tapmaqla bağlı biz yenidən Balasanyanla müsahibə etmək üçün müraciət etdik. Lakin o, müsahibədən imtina etdi. Yəni ki, biz bu faktları, Balasanyanın dindirilmədə şəxsən iştirakını, onun sonrakı taleyi haqqında veriləcək suallara cavab verməli olan şəxs olduğunu onunla müsahibə tamamlandıqdan sonra əldə etmişik. Burada vacib fakt ondan ibarətdir ki, fotodakı şəxsin kimliyi birbaşa erməni müharibə veteranları tərəfindən aşkarlanıb, yəni ona qədər şəxsin Balasanyan olduğunu azərbaycanlılar tanımayıb. Balasanyanı sırf öz əsgərləri tanıyıb və etiraf edib.