Prezident Sumqayıtda açılışlarda iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
BEY.AZ xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Bu gün “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI – Universal Packing Industry” QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
Qeyd edildi ki, hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Prezident İlham Əliyev əvvəlcə parkda “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak etdi.
Məlumat verildi ki, “Çinar-Servis” 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır. “Çinar-Servis” tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək.
Dövlətimizin başçısı istehsal müəssisəsinin təməlini qoydu.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Novus Plastica” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Prezident İlham Əliyev “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını etdi.
Bildirildi ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqustunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Qeyd edək ki, “Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Sonra Prezident İlham Əliyev “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak etdi.
Diqqətə çatdırıldı ki, sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Daha sonra “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı oldu.
Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Qeyd edək ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.
“Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq dedi: Möhtərəm cənab Prezident, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirakınızla bizi qürurlandırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir. Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam.
Ciyi Vanq: Bəli.
Prezident İlham Əliyev: Ona görə əminəm ki, fəaliyyəti də uğurlu olacaq və siz işinizi davam etdirəcəksiniz.
Ciyi Vanq: Sizin köməyinizlə hər şey yaxşı olacaq.
Prezident İlham Əliyev: Gözəl məhsuldur. İdxala da ehtiyac qalmır. Daxili bazarı təmin edəcəksiniz?
Ciyi Vanq: Təmin edəcəyik.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Daha sonra “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyuldu.
Prezident İlham Əliyevə müəssisə barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Dövlətimizin başçısı müəssisənin təməlini qoydu.