fbpx

Prezidentdən xaricdə təhsil alanlara tövsiyə: “Vətənə qayıtsınlar”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Xaricdə təhsil alan gənclərlə bağlı proqramı biz 2007-ci ildə başlamışıq. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Onu da deməliyəm ki, burada da bir yenilik yox idi, çünki sovet vaxtında Heydər Əliyevin göstərişi ilə Azərbaycan gəncləri, yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə ezam edilirdi, özü də güzəştli şərtlərlə. Onlar o ali məktəblərə daxil olurdu. İmtahanlar Bakıda verilirdi və elə bil ki, onlar müsabiqədənkənar bir formatda oxuyurdular”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlət başçısı bildirib ki, hər il bu proqram icra edilirdi, heç bir başqa sovet respublikasında buna oxşar proqram yox idi və məqsəd gəncləri yetişdirmək, yaxşı biliklər vermək idi:

“Çünki sirr deyil ki, o vaxt Sovet İttifaqının, xüsusilə Rusiya Federasiyasının ali məktəblərindəki təhsilin səviyyəsi Azərbaycan ali məktəblərindəkindən çox fərqlənirdi və beləliklə, hər il haradasa, 800-ə qədər gənc ezam edilirdi. Onların arasında indi bir çox tanınmış adamlar da var və onların böyük hissəsi Azərbaycana qayıdıb. Düzdür, o vaxt biz vahid ölkədə yaşayırdıq, amma yenə də atam istəyirdi ki, daha çox qayıtsınlar bura və burada çox güclü bir mütəxəssislər sinfi yaradılsın. Ona görə bax, bu təcrübəni əsas götürüb mən də bu təşəbbüslə çıxış etdim.

Yadımdadır, o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər ki, biz mütləq şərt qoymalıyıq. Bir halda ki, dövlət onları oxudur, şərt qoymalıyıq ki, onlar qayıtsınlar və Vətənə xeyir versinlər. Mən isə buna razılaşmadım. Mənim arqumentlərim o idi ki, birincisi, biz bunu nə üçün edirik? Ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur – xalqımızın intellektual potensialının möhkəmləndirilməsi. Deməliyəm ki, biz gəncləri 30-dan çox ölkəyə, müxtəlif ölkələrin 300-dən çox ali məktəblərinə ezam edirdik. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi.

Onu da deməliyəm ki, bu xərclər Neft Fondundan təşkil edildi. Bununla da biz bu proqramın əhəmiyyətini bir daha qeyd edirdik. Çünki bildiyiniz kimi, Neft Fondundan vəsait əsasən məcburi köçkünlərin evlərinin tikintisi üçün istiqamətləndirilirdi. O vaxt mən demişdim ki, yox, biz belə bir şərt qoymamalıyıq. Birincisi, belə bir şərt qoysaq, nahaq iş görərik. İkincisi və ən önəmlisi, biz Azərbaycanda elə şərait yaratmalıyıq ki, onlar özləri gəlsinlər, zorla yox. 2006-cı ildə biz bu proqrama başlayanda, Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar qayıdıb. Ondan sonra biz bu proqramı dayandırdıq, çünki təhlil aparmaq lazım idi: Qayıdanların neçə faizi işlə təmin edilib, neçə faizi dövlət, neçə faizi özəl strukturlarda işlə təmin edilib, onların karyerası necə inkişaf edir. Bütün bu məlumat Təhsil Nazirliyində var, bütün bu təhlil aparılıb. Yəni, çox uğurlu proqram idi. Ona görə yeni proqram artıq işlənilib və müvafiq sərəncam keçən il verilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın, tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. Haradasa, ildə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir.

İndiki şəraitdə isə mənim tövsiyəm odur ki, onlar qayıtsınlar. Çünki indi Azərbaycan ovaxtkı Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur – sabitlik, əmin-amanlıq, xoş ab-hava.

İndi əfsuslar olsun ki, dünyanın bir çox yerlərində o günlərdən bu günə qədər vəziyyət dəyişib. 2006-cı ildə, baxın, nə qədər ölkə alov içində idi və bu gün alov içində olan ölkələrin sayı nə qədər artır. Eyni zamanda, 2006-cı ildə biz bu proqrama start vermişik, əgər biz indiki günü müqayisə etsək, görərik ki, Qərbdə islamofobiya nə qədər artıb. Yəni bu, həqiqətdir və bu həqiqət artıq bir çox ölkələri sarsıdır. Bir tərəfdən demoqrafik problemlər, insan resurslarının çatışmazlığı, digər tərəfdən miqrantlara – onların da böyük əksəriyyəti müsəlmanlardır – mənfi münasibəti, onlara qarşı təhqiredici addımları, onları qəfəsdə saxlama görüntülərini biz hamımız görmüşük. Yəni mən bunu, sadəcə olaraq, reallıq kimi deyirəm. Biz real həyatda yaşayırıq, virtual həyatda yaşamırıq. Ona görə, o vaxtdan bu günə qədər bir çox dəyərlər də o istiqamətdə dəyişib və mən onlara heç dəyər deməzdim. Amma orada qalacaq azərbaycanlı uşağı necə böyüdəcək, hansı mühitdə böyüdəcək, onun uşağına kim dərs verəcək, nəyi öyrədəcək ona? Bunu düşünmək lazımdır və bütün bu amilləri nəzərə alaraq mən çox tövsiyə edərdim ki, qayıtsınlar öz Vətəninə, Vətənə xidmət etsinlər. Bizim iqtisadiyyatımız indi dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da, həmçinin. İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top-menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin