Prezidentin adından yayılmış videomüraciət saxtadır
Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.
Metbuat.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib:
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
“Deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən Müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.
Qeyd olunan saxta və yalan videomüraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, – açıqlamada qeyd edilib.