“Prezidentin verdiyi mesajlar Azərbaycan gənclərinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynacaq”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Prezident İlham Əliyevin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı verdiyi mesajlar bundan sonra Azərbaycan gənclərinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayacaqdır”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib. O bildirib ki, Cənab Prezidentin gənclərlə görüşü onlar üçün böyük qürur hissi olmaqla yanaşı, eyni zamanda gənclərin qarşısında yeni vəzifələr müəyyən edir.
“Cənab Prezident İlham Əliyev həmin görüşdə gənclərin fərdi inkişafı, milli-mənəvi, vətənpərvərlik ruhunda tərbiyəsi, o cümlədən müasir dünya insanına çevrilməsi üçün görməli olduğu işlərə qədər ən müxtəlif mövzularda tövsiyələrini, fikirlərini bildirdi. Mən düşünürəm ki, gənclər həmin toplantıda səslənən fikir və tövsiyələrdən müvafiq nəticələr çıxarıb öz fəaliyyətlərində bunu tətbiq edəcəklər. Hesab edirəm ki, Azərbaycanda bu gün olduqca uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.
Bu siyasətin mahiyyətində məqsəd odur ki, Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərə dövlətçilik prinsiplərilə, həm də müasir dünyanın çağırışlarına cavab verəcək, real dünyadakı rəqabətə tab gətirəcək qədər müasir, intellektual mobil bir gənclər ordusu kimi yetişsinlər. Mən əminliklə deyə bilərəm ki, bu siyasət hər ötən gün öz məqsədlərinə nail olur. Bu gün gənclər Azərbaycanda dövlətin idarə edilməsi prosesində yaxından iştirak edirlər. Biz Azərbaycan gənclərini hakimiyyətin müxtəlif qollarında görə bilirik. Azərbaycan gənclərinin aktiv rolunu həm qanunverici hakimiyyət – parlamentdə, həm Prezident Administrasiyasında, həm məhkəmələrdə, eyni zamanda bələdiyyələrdə, özəl sektorda, iş adamları arasında – demək olar ki, həyatın bütün sahələrində müşahidə edirik. Hazırda ölkəmizdə gənclər xüsusən də özləri ilə bağlı qərarların qəbulu prosesində çox yaxından iştirak edirlər.
Bildirim ki, gənclərin inkişafında müstəsna rolu olan “Yüksəliş” müsabiqəsinin təsis edilməsi istedadlı gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi prosesinə çox mühüm töhfələr verməkdədir. Azərbaycan Respublikası Gənclər Fondunun yaradılması yalnız gənclər təşkilatını deyil, fərdi qaydada ayrı-ayrı gənclərin fəaliyyətinə dəstək verərək, onların təşəbbüslərini dəstəkləyir. Azərbaycan gənclərinin xaricdə təhsil proqramlarına cəlb olunması, Gənclər Fondu tərəfindən ehtiyacı olan ailələrin ölkə daxilindəki təhsilinə, təhsil haqlarına dəstək göstərilməsi, şübhəsiz ki, gənclərə verilən yüksək qiymətin nəticəsidir”.
Müstəqilliyimizin əldə olunmasında və qorunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu olduğunu xüsusilə qeyd edən müsahibimiz bildirdi ki, bu sahədə uğurlarla yanaşı, problemlərin olduğu da danılmaz bir faktdır. Xüsusən də region gəncləri ilə paytaxt gəncləri arasında inteqrasiyanın daha da gücləndirilməsi bu məsələlərin həllində köməkçi olacaqdır.
“Bu gün Azərbaycan dövləti tərəfindən Azərbaycan regionlarında gənclərin fəaliyyətini koordinasiya etmək, onların fəaliyyətinə dəstək vermək məqsədi ilə həm paytaxtda, həm də regionlarda müxtəlif qurumlar – Gənclər evləri, Gənclər və İdman idarələri, Gənclərin Karyera və İnkişaf mərkəzləri , İdman Olimpiya Kompleksləri kimi müxtəlif qurumlar fəaliyyət göstərir. Atılan addımların hər biri, şübhəsiz ki, dövlətin gənclərlə bağlı xüsusən də regionlarda yaşayan gənclərlə bağlı ortaya qoyduğu siyasi iradənin nəticəsidir. Yaxşı olardı ki, həm gənclərimiz, həm də adını qeyd etdiyimiz qurumlarda çalışan yerli məmurlar fəaliyyətlərini daha diqqətlə həyata keçirib, dövlətin yaratdığı imkanlardan gənclərin tam şəkildə faydalanmasına nail olsunlar.
Bir faktı qeyd etmək istəyirəm ki, əvvəllər regionlarda gənclər evlərinin qapıları tamamilə bağlı olurdu, heç bir gənc o evlərə daxil ola bilmədiyindən orada yaradılan imkanlardan da faydalana bilmirdi. Amma biz müşahidə edirik ki, son illər bu istiqamətdə müxtəlif irəliləyişlər artıq əldə olunub”.
Fərid Şahbazlı qeyd etdi ki, hazırda ən ciddi məsələlərdən biri də bütün regionlarda universitetlərin və ya hər hansı bir ali və ya orta ixtisas təhsil ocağının olmamasıdır. Bu ona görə vacibdir ki, ali və ya orta ixtisas təhsil ocaqlarının regionlarda fəaliyyəti orada təhsil alan tələbələrin digər universitetlərdə oxuyan tələbələrlə inteqrasiya olunmasına, bilik və bacarıqlarının inkişafına səbəb olacaqdır.
“Mən həmişə istəmişəm ki, bizim bütün regionlarımızda heç olmasa hər hansı bir formada, ixtisas kollecləri, universitetlər yaradılsın. İstər regionlarda yaşayan, istərsə də paytaxda yaşayan gənclərimiz öz üzərində bütün var gücü ilə çalışmalıdırlar. Dörd il universitetdə təhsil alıb diplom əldə etməklə yeni dünyanın insanı olmaq mümkün deyildir. Arxasında bilik və bacarıqların dayanmadığı hər hansı bir sənəd boş kağız parçasından fərqsizdir”.
Müəyyən addımların atılmasına baxmayaraq, təəssüf ki, region gəncləri üçün hələ də ciddi işlər görülmədiyi bildirən Fərid Şahbazlı qeyd etdi ki, təkcə gənclərin fərdi inkişafı baxımından deyil, onların asudə vaxtının səmərəli təşkili məsələsinə də ciddi yanaşılmalıdır.
“Gənclərimiz boş vaxtları zamanı onun çox böyük hissəsini çayxanalarda, kafelərdə keçirirlər. Biz onları səmərəli fəaliyyətə cəlb etməliyik. Bu gün gənclərin məşğulluq, əsasən də iş tapmaq kimi böyük problemləri var. Təəssüf ki, iş adamları gəncləri işə götürərkən onların qarşısına təcrübə tələbi qoyur. Amma heç kim sual vermir ki, universiteti yeni bitirmiş və yaşı az olan kəs təcrübəni harada toplamalıdır? Mən hesab edirəm ki, paytaxtdakı qurumlar, gənclər təşkilatları olaraq biz region gəncləri ilə daha sıx əlaqədə olmalıyıq. Onların fəaliyyətinin paytaxta inteqrasiya olunması üçün əlimizdən gələni etməliyik”.
Gülbəniz Hüseynli / METBUAT.AZ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub
Mövzu: 6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.