Putin kimə, hansı mesajı verdi?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Putinin ətrafında da gərgin mübarizə gedir. Bəziləri Putini istefaya çağırırlar, bəziləri Putinin yaxın adamlarının vəzifədən götürülməsini tələb edirlər”.
Bunu Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə, “Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümü olduqca tez həll olundu, şübhələr olduqca çoxdur:
“Totalitar rejimlərdə, diktatorların hökmranlıq etdiyi dövlətlərdə heç kəs təhlükədən, diktatorun qəzəbindən sığortalanmayıb. Yəni tarix boyu belə görsənir ki, diktatorun əhval- ruhiyyəsinə uyğun olaraq qərarlar qəbul olunub. O qədər günahsız insanları məhv ediblər. Putin də belə bir rejim yaradıb. İndi hər kəsdən şübhələnir, hər kəsdən qorxur və bu diktatorların xüsusiyyətidir. Qorxduğuna görə də, hər yerdə özünə qarşı təhlükə kölgəsi görür, öz kölgəsindən də qorxur.
Priqojinin ölümü ilə bağlı məsələ tam aydınlaşmayıb. Çox adi həll olundu. Priqojin bu qədər tez və asan can verən adam deyildi. Ona görə də, bu məsələlər çox mübahisələrə, müzakirələrə səbəb olacaq. Amma hər halda bu gün ortada olan faktı Rusiya rəsmiləri təsdiqləyirlər. Guya Priqojin və təyyarədə həlak olan 9 nəfərin yaxınları meyitləri tanıyıblar. Başqa vaxt meyitlərin tanınması uzun zaman alır, amma bu dəfə məsələ çox tez həll olundu. Ona görə də, şübhələr çoxdur”.
Akif Nağı bildirir ki, Putin bu hərəkəti ilə özünü dünyaya göstərdi ki, istənilən şəxsdən intiqam ala bilər. Siyasətçi hazırda Putinin ətrafında güclü mübarizənin getdiyini deyir:
“Putinin ətrafında da gərgin mübarizə gedir. Bəziləri Putini istefaya çağırırlar, bəziləri Putinin yaxın adamlarının vəzifədən götürülməsini tələb edirlər. O cümlədən, Şoyqunun, Gerasimovun götürülməsini Priqojin tələb edirdi. Priqojindən başqa, Rusiyanın Federal Təhlükəsizlik Xidməti onlarda ən üstün bir qurumdur və Putinin orada çox ciddi mövqeyi var. Hətta orada da Putinə qarşı müəyyən qüvvələr var ki, tələb edirlər ki, müəyyən şəxslər vəzifələrindən azad edilsin. Yəni haradasa Putinə təzyiq göstərmək istəyən müəyyən qüvvələr var. Putin bu hərəkəti ilə “hər kəs otursun öz yerində” mesajını göndərdi”.
Akif Nağının fikrincə, bundan sonra Putin ətrafında “təmizləmə” işləri apara bilər:
“Ötən ilin fevralında Ukraynada geniş hərbi əməliyyatlara başlamaq ərəfəsində Putinin böyük çıxışı oldu. O, tamamilə SSRİ və Stalin əhval-ruhiyyəsinə uyğun gələn bir çıxış etdi. Lenini də tənqid edirdi ki, Rusiya imperiyasını o çevirdi, Rusiya imperiyasını o şəkildə saxlamaq lazımdır və sair və ilaxır. Yəni o cür ambisiya ilə çıxış edirdi, öz mövqeyini ortaya qoyurdu. Bu, bir tərəfdən onun zəiflədiyini və təsir imkanlarının azaldığını göstərir. Digər tərəfdən diktatorun əl atdığı axırıncı metodları ortaya gətirir ki, yəni bu metodlarla hakimiyyətini möhkəmləndirməyə çalışır. Ona görə də, bir müddət ola bilər ki, hakimiyyəti möhkəmləndirsin, ətrafında təmizləmə işləri aparsın, çəkinmədən başqalarını da cəzalandıra, arada götürə bilər”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #kimə #hansı #mesajı #verdi