Putinlə Tokayev arasında razılıqlar əldə oluna bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayev bu gün Rusiyada səfərdədir. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Kreml sözçüsü Dmitri Peskov bu barədə açıqlamasında bildirib ki, liderlər üç əsas məsələni müzakirə edəcəklər:
“İlk olaraq ikitərəfli əlaqələr barədə danışacağıq. Bizim investisiya, ticarət və iqtisadi əməkdaşlığımız hər 2 ölkə üçün vacibdir. Eyni zamanda Avrasiya İqtisadi məkanındakı məsələlər gündəmdə olacaq. Bundan əlavə, əlbəttə ki, regional gərginlik barədə də danışılacaq”.
Kreml sözçüsü, həmçinin bu görüşə xüsusi əhəmiyyət verildiyini bildirib. Əslində belə bir görüş çoxdan gözlənilirdi bəlkə də, daha əvvəl olmalı idi. Sadəcə Rusiyanın başı Ukrayna ətrafındakı vəziyyətə qarışdığına görə bu məsələ bir az ertələndi. İş orasındadır ki, Qazaxıstandakı yanvar iğtişaşlarından sonra ölkənin siyasi həyatında ciddi dəyişiklər oldu. Doğrudur, hakim partiya dəyişmədi. Kasım- Jomərt Tokayev yenidən prezident seçildi. Bundan sonra isə bəzi nazirlər yeniləri ilə əvəzləndi. Tokayevin Qazaxıstanın qurucusu Nazarbayevə nisbətən Rusiyaya daha çox meyilli olması və həmin iki siyasətçi arasındakı fikir ayrılığı məlumdur. Yanvarda baş verənlərdən sonra Tokayevin ölkənin siyasi həyatındakı təsir gücü daha da artdı.
İkinci məqam Qazaxıstanın Türkdilli dövlətlər təşkilatının üzvü olmasıdır. Bu, əlbəttə, Moskvanın ürəyincə deyil. Xüsusilə, adı çəkilən qurumun son vaxtlardakı fəallığı, o cümlədən Türkdilli dövlətlər təşkilatı ağsaqqallar şurası sədri Binali Yıldırımın səsləndirdiyi bəyanatlar Kremli narahat etməmiş deyil. Odur ki, Rusiya “halqanın bir zəncirini qoparmaq”, ardınca isə bu prosesin davamını gətirmək barədə düşünür. Sabahkı görüşdə Putin Tokayevə müəyyən göstərişlər verə bilər. Sözsüz, onlar mətbuata açıqlanmayacaq. Lakin Qazaxıstanın yaxın gələcəkdəki xarici siyasətində həmin “komanda”ların nədən ibarət olduğunu görəcəyik.
Putinin istədiyi Qazaxıstandakı təsir gücünün artması və buna paralel olaraq Ərdoğanın təsir gücünün azalmasıdır. Odur ki, onsuz da Rusiya meyilli olan Tokayevin manevr imkanlarını daha da məhdudlaşdırmaq, onu daha çox özündən asılı hala salmaq üçün sabah yazılı və ya şifahi (ən azı) razılıqların əldə olunması mümkündür.
Rusiya Mərkəzi Asiya üzərindəki nəzarətini gücləndirməyə Qazaxıstandan başladı. Lakin gələcəkdə oxşar ssenarinin digər Orta Asiya dövlətləri, o cümlədən Tacikistan, Özbəkistan üzərində təkrarlanması istisna deyil. Hərçənd bunun nə qədər uğurlu olacağı da müzakirə mövzudur.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.