fbpx

Qənirə Paşayevanın vəsiyyəti niyə yerinə yetirilmədi?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

BEY.AZ kulis.az-a istinadən bu yaxınlarda dünyasını dəyişən siyasətçi, jurnalist, Millət vəkili Qənirə Paşayeva haqqında maraqlı faktları təqdim edir.

Paşayeva Qənirə Ələsgər qızı 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Qənirə xanımın adını kiçik əmisi qoyub. Öz adını sevmədən böyüyən Qənirə xanım hətta adını dəyişmək də istəyir, ancaq bir gün öyrənir ki, sən demə, əmisi vaxtilə nakam bir sevgi yaşamış, sevdiyi, ancaq qovuşa bilmədiyi qızın adını öz qardaşı qızına qoyubmuş. Bu həqiqəti öyrənəndən sonra o, əmisinin xətrinə dəyməmək üçün adını dəyişməkdən vaz keçir.

***

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

Rüya tabirlerini burdan oku

***

Rus və ingilis dillərini bilən Qənirə Paşayeva jurnalistika fəaliyytinə 1998-ci ildə başayıb. O ANS-in xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

***
Qənirə xanım uşaqlıqdan jurnalist olmaq istəsə də, jurnalistikaya gəlişi birbaşa olmur. O, bu barədə müsahibələrinin birində deyir:

“İş elə gətirdi, jurnalistikaya birbaşa gəlmədim. Nənəm istəyib ki, anam həkim olsun, ancaq o, həkimliyin dalınca getməyib. Buna görə hər ikisi birləşib mənim həkim olmağımı istədilər. Hələ o vaxtlar balaca hekayələr yazırdım. Başqa maraqlarım da vardı. Şahmat yarışlarına gedirdim, zona yarışlarında qalib olduğumu xatırlayıram. Mən jurnalistikaya gələndə atam siyasi jurnalistikadan çox publisistika ilə məşğul olmağımı istəyirdi. Ancaq dövrün tələbləri vardı. Məni xəbər və siyasi jurnalistika cəlb edirdi. Bununla belə, müəllif yazıları da yazır, onların bəzilərini ssenariyə çevirirdim. ANS televiziyasında xəbərlərdən başqa, cümhuriyyət dövrü ilə bağlı arxivlərdə ən çox işləyənlərdən biri mən idim. Cümhuriyyət haqda “Apreldən əvvəl may”, İraq hadisələri ilə bağlı “Gözdən İraq” filmlərinin ssenarisini yazmışdım. Qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin bölgələrini gəzdim, ona aid sənədli filmin ssenarisini yazdım. Jurnalistikadan getmək asan deyildi”.

***

Jurnalistika fəaliyyəti dövründə Qənirə Paşayeva bir çox təhlükəli bölgələrdən reportaj hazırlayıb. Ən yadda qalan məqam isə Qənirə xanımın İraq səfəri idi. “İraq gündəliyi” adlı kitabında Millət vəkili həmin səfər haqqında yazır:

“İraq mənim imanımın güclənməsində, dünyanı, həyatı və Onu tanımaq yolunda önəmli bir mərhələ də oldu… İlk dəfə İraqa getməyim elə anidən oldu ki… Qafqaz Müsalmanları Ruhani İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə İraqa rəsmi səfərə gedirdi. Özü ilə, sadəcə, mənim çalışdığım ANS televiziyasından jurnalist götürəcəklərini demişdilər. İraqı o zaman hələ Səddam Hüseyn rejimi idarə edirdi. İlk səfər mənə bir çox hikmətlərin qapısını açdı, deyəsən, elə İraq da mənə öz könül qapılarını açmışdı… Çünki jurnalist fəaliyyətim dövründə bu ölkəyə ayrı-ayrı vaxtlarda 8 dəfə səfər edib, paytaxt Bağdadla yanaşı, Nəcəf, Kərbala, Kufə, Samərra, Kazımeyn, Kərkük, Mosul, Bəsrə və. b. şəhərlərdə, bölgələrdə çalışmaq, çoxlu sayda reportaj, sənədli film, bəlgəsəl hazırlamaq mənim qismətimə düşmüşdü. Dostlar zarafatla mənə “sən jurnalistikanın İraq üzrə mütəxəsisisən” deyərdilər. Hz. Əli ilə bağlı ayrıca proqram etmək bəxtiyarlığına nail olmuşdum. Onun evi və türbəsini demək olar, İraq səfərlərimin çoxunda ziyarət edərdim, ruhuna dualar oxuyardım. Kufə şəhərinə, orada Hz. Əlinin evini ziyarətə gedəcəyimizi deyəndə qəribə hisslər keçirmişdim… Bu balaca evi gəzərkən əslində dünyanı, insanlığı… əxlaqın nə olduğunu daha yaxşı anlayırsan. Evi gəzdikdən sonra onun qarşısında oturub böyük alimimiz Vasif Məmmədəliyevlə etdiyimiz unudulmaz söhbət də proqrama qəribə, mistik hava qatmışdı, sanki Hz.Əlinin və Hz. Fatimənin övladları, peyğəmbər nəvələri Hz. Həsən və Hz. Hüseynin otaqlarını gəzirdik… Çox balaca və sadə otaqlar… Hz. Əlinin cənazəsinin yuyulduğu, kəfənləndiyi otağı da gəzirdik. Balaca və çox sadə bir ev..! Hz. Əlinin su içdiyi quyudan su içirdik və ruhuna dualar oxuyurduq”.

***

Ailədə iki bacı, iki qardaş olan Qənirə Paşayevanın qardaşlarının həri ikisi ailəlidir. Bacısı Kəmalə Paşayeva isə 2021-ci ildə Türkiyə vətəndaşı Hasan adlı şəxslə ailə həyatı qurub.

***

Heç bir zaman ailə qurmayan Millət vəkili mənəvi qızı hesab etdiyi Firuzə ilə birgə yaşayıb.

***

Mətbuatda yayılan xəbərlərə görə, Qənirə Paşayeva ötən ilin dekabr ayında Türkiyənin Memorial Şişli Xəstaxanasında çox ağır əməliyyat keçirir. Bu haqda dərhal heç bir məlumat yayılmasa da, əməliyyatdan bir neçə gün sonra deputatın əmisi Qəzənfər Paşayev məlumat verərək deyir:
“Qənirə qızımız şükürlər olsun ki, yaxşıdır. Bildiyiniz kimi 10 gündən çox olardı ki, səhhətində yaranan problemlə bağlı Türkiyədə sinir əməliyyatı keçirmişdi. İndi səhhətində hər şey qaydasındadır”.

***

Qənirə Paşayeva 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilir, nəfəs aparatına qoşulur. Xəstəxanada olduğu müddətdə onun haqqında bir neçə dəfə ölüm xəbəri yayılsa da, həkimlər bunun həqiqət olmadığını bildirirlər.


O, 28 sentyabr 2023-cü ildə müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində vəfat edir.

***

Hər zaman gözəlliyini və cazibəsini qorumağa çalışan Millət vəkili “yaşlanmaqdan qorxmursunuzmu” sualına belə cavab vermişdi:

“Belə qorxum yoxdur. Çünki hər yaşın özündə gözəllik daşıdığını düşünürəm. Həyatın qanunları ilə razılaşan insanam. Dünyaya gəlməyimizi mükafat kimi qəbul edirəm. Rəbbim bizə yaşlanmaq fürsətini verəcəkmi? Yaşlansaq, deməli, çox insanlardan daha şanslıyıq. Ölüm qorxusunu da özümdən tamam uzaqlaşdırmışam. Hər dəqiqə dünyadan gedə bilərik. Çalışıram, öləndə “bu dünyadan bir millət vəkili köçdü, yox, “yaxşı insan getdi” desinlər. Səhər yuxudan duranda şükür edirəm, deyirəm ki, Qənirə, ölümü unutma. Axşam gözümü yumanda hesabımı verirəm. Günaha girməməyə, pis şeylərlə məşğul olmamağa çalışıram. Mən həyatımda ölümü 3-4 dəfə hiss eləmişəm. Bir an gələ və sən yox ola bilərsən. İnsan o anda nə duyğular keçirə bilərsə, mən onu yaşamışam. Ölümlə üz-üzə dayananda Rəbbimə demişəm ki, sən mənə, sadəcə, bir az möhlət ver. Bir gün gələr, ricam qəbul olunmaz. Ona görə də çalışıram elə yaşayım ki, peşiman olmayım”.

***

Publisistik məqalələrlə yanaşı Qənirə xanım həm də maraqlı hekayələrin və şeirlərin müəllifi kimi tanınırdı. Onun ən məşhur şeirlərindən biri isə “Mən ana ola bilmədim” adlanır. Bir çoxları bu şeiri Qənirə xanımın bioqrafiyası hesab edir.

***

Günlərin birində Xalq şairi Vaqif Səmədoğlu gecə saatlarında Qənirə Paşayevaya zəng edib onu şeir məclislərindən birində dəvət edir. Millət vəkili şairin sözünü yerə salmır. Çox maraqlı gün keçirsə də, gecə yarısına qədər davam edən məclisdən sonra o, Vaqif müəllimə deyir ki, bir də məni belə məclislərə çağırmayın, çünki insanlar üçün görüləcək işlərim həddindən artıq çoxdur.

***

Qənirə Paşayeva 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi olub. Onun “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Sağlamlığın öz əlində…”, “Onun sevgi məktubları” və “Səndən sonra” kitabları həm tariximiz baxımından, həm də milli-mənəvi dəyərlərimizə sadiqlik baxımından faydalıdır.

***

O, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı seçilmiş, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

***

Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmişdi, sakinlərə yardım etmişdi. Hətta orada olan zaman möhkəm xəstələnir, qızdırması qalxır, həkimlər onun malyariyaya yoluxduğunu güman edir. Bir neçə gün müalicə alandan sonra onun əhvalı tədricən qaydasına düşür.

***

Qənirə xanımla bağlı ən maraqlı faktlardan biri onun həllə 2013-cü ildə dünyasını dəyişdiyi təqdirdə orqanlarını bağışlaması barədə verdiyi qərar olub. Bu barədə ailəsi ilə də razılığa gələndən sonra o, vəsiyyəti barədə mətbuata belə bir açıqlama vermişdi:


“Mən ixtisasca həkiməm. Yəni tibb sahəsinin içərisindən gəlmişdim. Xeyli həkim dostlarım var. Bu qərarı verməmişdən öncə onlarla bu məsələni dəfələrlə müzakirə etmişəm. Bu məqam da məni insan öldükdən sonra orqanının bağışlanması məsələsinin həlli üzərində düşünməyə sövq edib. Bu məsələ həllini tapmalıdır. Axı öldükdən sonra orqanlarım mənimlə bərabər torpağın altında niyə çürüsün? Həyatdan vidalaşanda öz orqanlarımızla bəlkə də ən faydalı işi görə bilərik. Bizim orqanlarımızla bir neçə insan yenidən həyata qayıda bilərsə, o zaman niyə biz bu faydalı işi görməyək? Vəsiyyət etməmişdən öncə bunu ailəmlə məsləhətləşdim. Əlbəttə, əsas anamın bunu qəbul etməsi əsas idi. Çünki belə hadisələrdə ailə psixoloji şok yaşaya bilər. Anamla, bacımla, yaxınlarla çox rahat müzakirə etdik. Müzakirədən sonra əleyhimə olmadılar. Ailəmdən ancaq mənəvi qızım Firuzə buna qarşı idi. Amma indi bilir ki, geriyə yol yoxdur. Əvvəl deyirdi ki, yox, mən sənədi gizlədəcəm. Deyirdim ki, necə gizlədəcəksən? Sənədi gizlətmək olmur axı? Amma artıq o da qəbul elədi…”

***

Ölümündən sonra isə ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb. O, bildirib ki “Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qənirə #Paşayevanın #vəsiyyəti #niyə #yerinə #yetirilmədi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu